BANK

15 Mart

İlkin Quliyevin sədrliyi ilə AHK Maliyyə Xidmətləri İşçi Qrupunun iclası keçirilib

AccessBank-ın Baş ofisində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti iclası keçirilib. İclas ilk dəfə olaraq AccessBank-ın İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor İlkin Quliyevin sədrliyi ilə keçirilib. 

Fins.az xəbər verir ki, görüşdə AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri, Kiçik, orta və korporativ müştərilər üzrə direktoru Cavid Əliyev,  AHK Azərbaycanın İdarə Heyətinin sədri Tobias Baumann, Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xaliyev iştirak etdilər. 

İşçi Qrupunun görüşünə qonaq qismində qatılan Sahibkarlığın İnkişafı Fondunun fəaliyyət istiqamətləri və güzəştli maliyyə mexanizmləri, elecə də, SİF ilə əməkdaşlıq çərçivəsində AHK Azərbaycan üzvləri üçün mövcud bank xidmətləri və məhsulları müzakirə olundu. 

SİF İdarə Heyətinin sədri Osman Xaliyev çıxışında “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi barədə ətraflı məlumat verdi, bu ərazilərdə investisiya layihəsi həyata keçirmək istəyən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verildiyini, o cümlədən, həmin kreditlərin 10% bəndinin subsdiyalaşdırıldığını vurğuladı.

AccessBank-ın kiçik, orta və korporativ müştərilər üzrə direktoru Cavid Əliyev SİF ilə əməkdaşlıq çərçivəsində AHK Azərbaycan üzvləri üçün mövcud bank xidmətləri və məhsulları barədə məlumat verdi. 

Görüş interaktiv sual-cavab sessiyasi ilə tamamlandı.

Maliyyə Xidmətləri İşçi Qrupu AHK Azərbaycanın AccessBank ilə əməkdaşlıq çərçivəsində 10 dekabr 2019-cu il tarixində yaradılıb.  İşçi Qrupunun fəaliyyətinin əsas məqsədləri maliyyə bazarında mövcud problemlərin araşdırılması daxil olmaqla, strateji və operativ planlaşdırma, qanunvericilikdəki dəyişikliklər, biznesin idarəedilməsi sahəsində bilik və təcrübə mübadiləsi, maliyyə və nəzarət sahəsinin əsas mövzularına həsr edilmiş təddbirlərin keçirilməsi və müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsidir.