BANK

14 Mart

Mərkəzi Bankda Visa şirkəti tərəfindən rəqəmsal ödənişlər üzrə seminar keçirildi

Azərbaycan Mərkəzi Bankının əməkdaşları üçün Visa şirkətinin rəhbər heyəti tərəfindən rəqəmsal ödənişlər üzrə seminar təşkil olundu.

Fins.az xəbər verir ki, seminarda yerli ödəniş infrastrukturunun inkişafı, açıq bankçılıq, pul vəsaitlərinin real vaxtda hərəkəti, tokenləşdirmə, e-ticarət, rəqəmsal valyutalar və bir sıra digər mühüm mövzular əhatə olundu.

Tədbir zamanı AMB-nin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində milli ödəniş sisteminin modernləşdirilməsi və innovativ ödəniş həllərinin tətbiqi ilə bağlı tədbirlər planı da müzakirə edildi.

“Azərbaycan Mərkəzi Bankı ölkədə rəqəmsal ödənişlərin inkişafı üçün maliyyə ekosisteminin əsas qlobal oyunçuları ilə əməkdaşlığa açıqdır. Bu seminar Azərbaycanda maliyyə texnologiyaları ekosisteminin inkişafını Visa-nın aparıcı ekspertləri ilə müzakirə etmək üçün səmərəli bir platformaya çevrildi. Əminəm ki, onların dəyərli fikirləri gələcək əməkdaşlığımızda Azərbaycanın ödəniş ekosisteminin inkişafına mühüm töhfə verəcəkdir”, - deyə AMB-nin baş direktoru Fərid Osmanov bildirdi.

“Azərbaycan Visa üçün strateji əhəmiyyətli bazar olmaqla rəqəmsal ödənişlər üzrə regionun liderlərindən biridir. Visa şirkəti Azərbaycan hökumətinin, onun maliyyə sisteminin və biznes subyektlərinin uzunmüddətli və etibarlı tərəfdaşı olaraq qalır. Bu seminar bizim dayanıqlı, inklüziv və rəqəmsal Azərbaycan iqtisadiyyatı ilə bağlı baxışımızın ölkənin iqtisadi inkişaf strategiyası ilə üst-üstə düşdüyünü göstərir”, - deyə Visa şirkətinin baş direktoru və Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev vurğuladı.

Tədbirdə həmçinin hər iki qurum arasında gələcək tərəfdaşlıq imkanları və ödəniş mühitinin inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıldı.

Fuad Mədətov
Fins.az