Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” ölkənin ilk “Faktorinq Klubu”nun rəsmi açılış mərasimini keçirib. Martın 1-də baş tutan tədbirdə 20-dən çox iri biznes şirkətlərinin təmsilçiləri iştirak ediblər.
Fins.az xəbər verir ki, “Faktorinq Klubu”nun yaradılmasında əsas məqsəd alıcı şirkətlər, onların təchizatçıları və “PAŞA Bank” arasında qarşılıqlı biznes əlaqələrini genişləndirmək, kiçik və orta sahibkarların faktorinq məhsulundan daha çox faydalanması üçün şərait yaratmaq və bununla da bazarda rəqabət üstünlüklərini gücləndirməkdir.
Tədbirdə çıxış edən “PAŞA Bank”ın İdarə heyəti sədri və Baş icraçı direktor Cavid Quliyev bildirib ki, real sektorun inkişafını hədəfləyən bir maliyyə institutu olaraq, Bank Azərbaycanda sağlam və innovativ maliyyə ekosisteminin formalaşdırılmasına sadiqdir.
“Bu gün “PAŞA Bank” Azərbaycan bazarında yeganə bankdır ki, öz müştəriləri üçün rəqəmsal faktorinq xidmətləri göstərir. Yaradılan çoxsahəli ekosistem, müştərilərimizin maliyyə effektivliyini artırmaqla yanaşı, rəqəmsal həllərlə iş proseslərini optimallaşdırır və bazarın daima dəyişən tələblərinə sürətlə uyğunlaşmaq imkanını təmin edir. Əminəm ki, “PAŞA Bank”ın yaratdığı “Faktorinq Klubu” bizneslər və xidmət təminatçılarını bir araya gətirən, sahibkarların fəaliyyətinə və ölkəmizin iqtisadiyyatının dayanıqlı inkişafına əlavə dəyər qatan platforma olacaqdır”, - deyə, C. Quliyev bildirib.
Qeyd edək ki, “PAŞA Bank” 2014-cü ildən etibarən ölkədə faktorinq xidmətləri göstərir. Xidmətdən yalnız “PAŞA Bank”ın müştəriləri deyil, ölkədə fəaliyyət göstərən digər hüquqi şəxslər və fərdi sahibkarlar da istifadə edə bilər.
Faktorinq məhsulunun bütün üstünlükləri haqqında ətraflı məlumat almaq və onlayn müraciət forması üçün bu linkə keçid alın.