BANK

29 Fevral

Azərbaycanda Hökumət Ödəniş Portalı ilə əməliyyatların ümumi dəyəri artıb

2023-cü ildə Azərbaycanda Hökumət Ödəniş Portalı (HÖP) ilə 6,9 milyard manatlıq əməliyyat aparılıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Sənədə əsasən, bu, 2022-ci illə müqayisədə 37,4 % çoxdur.

Hesabat dövründə HÖP-lə aparılmış əməliyyatların sayı isə 131,8 milyon olub. Bu isə 1 il əvvələ nisbətən 55 % çoxdur.

Xatırladaq ki, HÖP dövlət büdcəsinə vә kütlәvi xidmәtlәr üzrә ödәnişlәrin mәrkәzlәşdirilmiş qaydada toplanılması üçün yaradılıb. Portala 11 mәrkәzi icra hakimiyyәti orqanı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, 4 kommunal xidmәt müәssisәsi, 5 stasionar vә mobil rabitә operatoru, 122 mәhkәmә orqanı, 19 sığorta şirkәti, Əmanətlərin Sığortalanması Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Əqli Mülkiyyət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Milli Sertifikat Xidmətləri Mərkəzi, Dövlət İmtahan Mərkəzi və 100-dən çox ali və orta ixtisas təhsil müəssisəsi, 1 438 bәlәdiyyә orqanı inteqrasiya olunub.

Hazırda HÖP-lə 1 100-dәn çox xidmәt üzrә ödәnişlәr toplanılır. Bu xidmәtlәr üzrә ödәnişlәr 23 bankda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azәrpoçt” MMC-nin 2 500-dәn çox filial vә şöbәlәrindә, 4 000-ə yaxın ödәniş terminalında nağd vә nağdsız formada aparıla bilәr.

Fuad Mədətov
Fins.az