Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu mövzuda aidiyyəti fokus qruplarının maarifləndirilməsi Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır.
Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsinin “Maliyyə xidmətləri” indikatoru üzrə qiymətləndirilməsində iştirak edən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (Reyestr) üzrə məlumatlılığın artırılması istiqamətində Auditorlar Palatasının kollektivinə, auditor təşkilatlarına və sərbəst auditorlara maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Daşınar əmlakın yüklülüyü haqqında qanunvericilik aktları, hüquqi müstəvinin sahibkarlıq subyektlərinə və kreditorlara verdiyi imkanlar, Reyestrin əmlak üzərində üstünlük hüququnun müəyyən edilməsində önəmi, üstünlükləri və onun praktikada tətbiqi üzrə geniş müzakirələr aparılıb.
Bundan əlavə, tədbir iştirakçılarına Mərkəzi Bankın Maliyyə savadlılığına dair elektron resursları barədə təqdimatlar edilib.
Ölkədə əhalinin və biznes subyektlərinin daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarının stimullaşdırılması, bununla da maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən maraqlı tərəflərlə bu mövzuda görüşlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.
Fuad Mədətov
Fins.az