Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nı təsdiqləyib.
Fins.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, xüsusi tənzimləmə rejimi çərçivəsində sınaq üçün innovativ məhsul və ərizəçi ilə bağlı tələblər müəyyənləşib.
Belə ki, innovativ məhsul yerli bazar üçün yeni olmalı və bazarda maliyyə inklüzivliyini artırmalı, maliyyə xidmətlərinin istifadəçiləri üçün təhlükəsiz, daha əlçatan olmalı, eləcə də real rejimdə sınaqdan keçirilmək üçün hazır olmalı, məhsulun tətbiqi potensial sistem riskləri yaratmamalı, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi imkanlarını artırmamalı, onunla bağlı risk təhlili aparılmalı, mümkün risklərin, o cümlədən istifadəçilərin məlumatlarının konfidensiallığının və qanuni mənafelərinin pozulmasının qarşısının alınması üçün görüləcək tədbirlər müəyyən edilməli və ərizəçinin benefisiar mülkiyyətçiləri, idarəetmə funksiyalarını yerinə yetirən şəxsləri, habelə mühüm iştirak pay sahibləri, həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri vətəndaş qüsursuzluğuna malik olmalıdır.
Bundan başqa, innovativ məhsul təqdim edən iştirakçının fəaliyyəti lisenziya və yaxud icazə tələblərindən azad edilib. AMB fəaliyyəti yoxlamamışdan 3 gün əvvəl innovativ məhsul təqdim edən iştirakçıya yazılı bildiriş göndərəcək.
AMB müraciətlərin qəbulunu həyata keçirəcək və bununla bağlı 1 ay əvvəl internet səhifəsində elan yerləşdirəcək. AMB təqdim edilmiş ərizə və digər sənədlər daxil olduğu tarixdən 20 iş günü ərzində baxaraq müvafiq qərar qəbul edəcək. Araşdırma üçün əlavə vaxt tələb olunduqda, ərizəçiyə məlumat verilməklə, bu müddət daha 20 iş günü artırıla bilər.
AMB ərizəçinin xüsusi tənzimləmə rejimində iştirakına razılıq verdikdə və yaxud imtina etdikdə 3 gün ərzində ərizəçiyə məlumat verilir. Ərizəçinin xüsusi tənzimləmə rejimində iştirakına razılıq verildikdə, onunla AMB arasında 20 gün ərzində müqavilə bağlanılacaq.
Müqavilə bağlanarkən sınaq müddəti 12 aydan çox ola bilməz. Sınaq müddəti bitməsinə 1 ay qalmış 6 aydan çox olmayan müddətə uzadıla və yaxud dəyişiklik edilə bilər. Müddətin bu cür uzadılması 5 ildən çox ola bilməz və sınaq rejimində ən azı 6 ay fəaliyyət göstərmiş iştirakçılara şamil ediləcək.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Fuad Mədətov
Fins.az