“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın ödəniş xidməti təchizatçıları üçün əlverişli bazar mühitinin təmin edilməsi strateji təşəbbüsü çərçivəsində nəzərdə tutulan fəaliyyətlərdən biri də tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi istiqamətində ödəniş xidməti təchizatçılarına təlim və seminarların təşkilinin həyata keçirilməsidir. Bu xüsusda Mərkəzi Bank tərəfindən Azərbaycan Fintex Assosiasiyası (AzFina) üzvlərinə 10 yanvar 2024-cü il tarixində təsdiqlənmiş “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi” Qaydasının təqdimatı keçirilib.
AMB-dən Fins.az-a verilən məlumata görə, təqdimat zamanı ödəniş təşkilatları və elektron pul təşkilatlarının minimum nizamnamə və məcmu kapital tələbləri, ödəniş xidmətlərinin göstərilməsi üzrə fəaliyyət proqramı və biznes planı, daxili nəzarət və risklərin idarə edilməsi sistemləri, ödəniş xidmətlərinin göstərilməsi üzrə təhlükəsizlik tədbirləri, fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planı, kreditin verilməsi proseduru, valyuta mübadiləsi əməliyyatları, əməliyyat və təhlükəsizlik insidentləri üzrə məlumatlandırma və hesabatlıq tələbləri ilə əlaqədar məlumatlar AzFina nümayəndələrinin diqqətinə çatdırılıb.
Görüşdə AzFina nümayəndələrinin Qayda tələbləri ilə əlaqədar sualları cavablandırılıb və praktiki nümunələr əsasında izahlar verilib.
Qeyd edək ki, yeni qanunvericilik tələbləri üzrə maarifləndirmənin təşkili çərçivəsində Mərkəzi Bank tərəfindən ödəniş xidməti təchizatçılarına təlim və seminarların keçirilməsi tədbirləri davam etdiriləcəkdir.
Fuad Mədətov
Fins.az