BANK

25 Yanvar

"Azərpoçt": İnternet bankçılıq sistemi yoxlanılır, yaxın zamanda təqdimatı baş tutacaq

"Azərpoçt" MMC-nin məlumat sistemi ötən 20 il ərzində mütəmadi yenilənsə də əsaslı yenilənmə işləri son illərdə aparılıb. Məhz 2022-2023-cü illərdə "Azərpoçt"un İT sistemi tam yenilənib. Hazırda "Azərpoçt"un internet bankinq sistemi üzərində işlər gedir.

Fins.az xəbər verir ki, “Azərpoçt” MMC-nin İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev “2023-Hesabat” adlı tədbirdə bildirib.

İ.Mustafayev qeyd edib ki, hazırda "AzIntelecom" MMC tərəfindən "Azərpoçt"un internet bankinq sistemi yoxlanılır və yaxın zamanda təqdimatı baş tutacaq.

"Ötən il və bu ilin əvvəlindən əhaliyə "Azərpoçt" MMC adından göndərilən saxta mesajların sayı artıb. Ölkəmizdə bu hallarla üzləşən bir sıra maliyyə qurumları var. Hazırda "Azərpoçt" MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində Elektron Təhlükəsizliyi Xidməti ilə mütəmadi işlər aparır. Bu istiqamətdə əhali arasında maarifləndirmə işləri aparılır", - deyə İ.Mustafayev əlavə edib.

 

© AZƏRTAC