"Rabitəbank" ASC 2023-cü ilin əsas maliyyə nəticələrini açıqlayıb.
Fins.az xəbər verir ki, "Rabitəbank" ASC 2023-cü ili 13 milyon 61 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 11 milyon 181 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, "Rabitəbank"ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 880 min manat və ya 16,8% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
2023-cü ildə "Rabitəbank"ın cəmi əməliyyat gsəlirləri (faiz və qeyri-faiz gəlirləri) 142 milyon 715 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 118 milyon 452 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 24 milyon 263 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 5 milyon 750 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb, 5 milyon 451 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Rabitəbank"ın cəmi əməliyyat gəlirləri 117 milyon 223 min manat, cəmi əməliyyat xərcləri 96 milyon 596 min manat, əməliyyat mənfəəti 20 milyon 627 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 3 milyon 562 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış, 5 milyon 882 min manat mənfəət vergisi ödəmişdi.
2023-cü ildə "Rabitəbank"ın faiz gəlirləri 31,2% artaraq 91 milyon 123 min manat, qeyri-faiz gəlirləri isə 5,7% artaraq 51 milyon 592 min manat təşkil edib.
2023-cü ildə "Rabitəbank"ın cəmi aktivləri 19,2% artaraq 31 dekabr 2023-cü il tarixində 1 milyard 138 milyon 450 min manata çatıb. O cümlədən, Bankın kredit portfeli 110 milyon 282 min manat artaraq 721 milyon 159 min manata çatıb. Ötən il "Rabitəbank"ın istehlak kreditləri portfeli 34 milyon 29 min manat artaraq 239 milyon 634 min manata, biznes kreditləri portfeli 40 milyon 1 min manat artaraq 345 milyon 405 min manata, ipoteka kreditləri portfeli isə 36 milyon 252 min manat artaraq 136 milyon 120 min manata yüksəlib.
2023-cü ildə "Rabitəbank"da depozitlər 146 milyon 821 min manat və ya 24,2% artaraq 753 milyon 824 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 128 milyon 354 min manat artaraq 445 milyon 386 min manata, hüquqi şəxslərin depozitləri isə 18 milyon 466 min manat arataraq 308 milyon 438 min manata qalxıb.
31 dekabr 2023-cü il tarixində "Rabitəbank" ASC 112 milyon 419 min manat məcmu kapitala malik olub.
Fuad Mədətov
Fins.az