2023-cü ildə Azərbaycanda bank kartlarının sayı 2022-ci ilin göstəricisi ilə müqayisədə 23 faiz artaraq 16,6 milyona çatıb.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev "Nailiyyətlər və Çağırışlar" mövzusunda forumda çıxışında deyib.
Onun sözlərinə görə, bu artımın böyük bir hissəsi təmassız kartların hesabına həyata keçirilib:
"Ölkədə kartların sayında artım 3,1 milyon olub, bunların 95,4 faizi təmassız ödənişlər həyata keçirməyə imkan verir. Bütünlükdə ölkədə ödəniş kartlarının 76 faizdən çoxu bu ödəniş növünü dəstəkləyir. POS-terminallar vasitəsilə həyata keçirilən ödənişlərin 91 faizdən çoxu təmassızdır".
Z.Nuriyev onu da qeyd edib ki, 2023-cü ilin 11 ayı ərzində ölkədə ödəniş kartlarından istifadə etməklə həyata keçirilən tranzaksiyaların 55,2 faizinin nağdsız olub:
"2023-cü ilin yanvar-noyabr ayları ərzində kartlar üzərindən nağdsız əməliyyatların həcmi 43,2 milyard manat olub ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə iki dəfədən çox artım deməkdir".
Fuad Mədətov
Fins.az