2004-cü ilin 27 dekabr tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının 246 nömrəli lisenziyası əsasında fəaliyyətə başlayan Xalq Bank 19 yaşını qeyd edir.
Fins.az xəbər verir ki, hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biri olan Xalq Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir. Fəaliyyətində müştəri məmnunluğunu hədəfləmiş Bank daim müxtəlif rəqəmsal və innovativ biznes həllərini tətbiq edərək məhsul və xidmət çeşidlərini artırmağa, xidmət səviyyəsini yüksəltməyə davam edir. Fəaliyyət göstərdiyi 19 il ərzində Xalq Bank cəmiyyətin inkişafına öz töhfəsini verərək müxtəlif mədəni-sosial layihələrdə də aktiv iştirak etmişdir. Belə ki, Bank 2010-cu ildən etibarən təqdim etdiyi “Xalq Əmanəti” layihəsi çərçivəsində 23 kitab nəşr etdirməklə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə çatdırılması və mədəniyyətimizin dünyada tanıdılması istiqamətində əhəmiyyətli işlər görmüşdür.
Xalq Bank müştəri və tərəfdaşlarına göstərdikləri etimada görə dərin minnətdarlığını bildirir, növbəti ildə birlikdə yeni uğurlara imza atmaq ümidi ilə qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarını təbrik edir!