BANK

16 Dekabr

ABŞ-da istehlakçı inflyasiya gözləntiləri ən aşağı səviyyədədir

ABŞ Federal Ehtiyat Sisteminin (FED) Nyu-York şöbəsi noyabr ayı üçün istehlakçıların gözləntiləri sorğusunun nəticələrini açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, təxminən 1300 ev təsərrüfatının iştirakı ilə aparılan sorğunun nəticələrinə görə, yaxın 12 ayı əhatə edən qısamüddətli median inflyasiya gözləntisi noyabrda 0,2 bənd azalaraq 3,4 faiz olub. Beləliklə, qısamüddətli inflyasiya gözləntiləri 2021-ci ilin aprelindən bəri ən aşağı səviyyəsini qeyd edib.

Növbəti 3 illik dövrü əhatə edən orta inflyasiya gözləntisi eyni dövrdə dəyişməyərək 3 faiz, 5 illik dövrü əhatə edən median inflyasiya gözləntisi isə 2,7 faiz səviyyəsində qalıb.

Noyabrda ev təsərrüfatlarının xərclərində artım gözləntiləri 0,1 bənd azalaraq 5,2 faiz olub. Noyabrda ev təsərrüfatlarının gəlirlərinin artımı gözləntiləri dəyişməyərək 3,1 faiz səviyyəsində qalıb.

Günel Məlikzadə
Fins.az