BANK

21 Noyabr

“PAŞA Bank”ın təşkilatçısı olduğu “Rəqəmsal Zirvələr 2023” konfransına qeydiyyat başlayıb

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın təşkilatçılığı ilə keçirilən və texnologiyalar aləminin ən yaxşı beynəlxalq təcrübələrini yerli bazarda tətbiq etmək üçün geniş şərait yaradan “Rəqəmsal Zirvələr 2023” beynəlxalq konfransına qeydiyyat başlayıb.

Bankdan Fins.az-a verilən məlumata görə, 6-7 dekabr 2023-cü ildə baş tutacaq beynəlxalq tədbirdə aparıcı məhsul sahibləri, dizaynerlər, data ekspertlər və İT mütəxəssislər bir araya gələcəklər. "Fokusda qalın" şüarı altında keçiriləcək tədbirdə yerli və beynəlxalq mütəxəssislər “DevOps”, “Product Hunt”, “Data” və “Dizayn” istiqamətlərini əhatə edərək, cəmiyyətdə texnoloji, innovativ və kreativ sahələrin inkişafına yönəlmiş praktiki tövsiyələrini, bilik və təcrübələrini paylaşacaqlar.

“Rəqəmsal Zirvələr 2023” konfransı hibrid formatda keçiriləcək və orada həm canlı, həm də “YouTube” sosial şəbəkəsi üzərindən iştirak etmək mümkün olacaq.

Tədbirdə fiziki olaraq iştirak etmək üçün //digitalheights.az/ veb-saytında qeydiyyatdan keçməyiniz xahiş olunur. Qeydiyyat 30 noyabrda bitəcək.

Xatırladaq ki, “Rəqəmsal Zirvələr” konfransı 2021-ci ildən etibarən keçirilir. “PAŞA Bank” maliyyə texnologiyaları sahəsində aktual çağırışları müəyyən etmək, ən son yenilikləri və qabaqcıl təcrübələri mənimsəmək, İT və rəqəmsal bankçılıq sahəsindəki yenilikləri Azərbaycanda daha əlçatan etmək üçün silsilə tədbirlərin keçirilməsini davam etmək niyyətindədir.