BANK

21 Noyabr

PAŞA Bank “Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forum”unda iştirak edib

15-16 noyabrda Azərbaycan paytaxtı “Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forum”una ev sahibliyi edib. 

Bankdan Fins.az-a bildirilib ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə təşkil edilmiş tədbirin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında beynəlxalq və regional əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsi olmuşdur. Forumda Avropa və MDB ölkələrindən dəvət edilmiş ekspertlər, beynəlxalq və regional maliyyə təşkilatlarının, dövlət və özəl sektorun nümayəndələri iştirak ediblər.

Bu ilki forum çərçivəsində DİM-lərin icrası istiqamətində maliyyə mexanizmlərinin nəzərdən keçirilməsi, xarici investisiyaların cəlbi, “yaşıl” inkişaf, rəqəmsallaşma və digər mövzularda panel müzakirələr və sessiyalar keçirilmişdir.

«Rəqəmsallaşma vasitəsilə rəqabətqabiliyyətli iqtisadiyyatlar” müzakirə panelinə ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”in idarə heyətinin sədr müavini Bəhruz Nağıyev spiker qismində qatılıb.

O, Bankın rəqəmsal transformasiyaya ilk addımlarını atan maliyyə qurumlarından biri olmasını vurğulayaraq, əldə etdiyi təcrübə və nailiyyətlər barədə ətraflı məlumat verib. B. Nağıyev “PAŞA Bank”ın Azərbaycan iqtisadiyyatının rəqəmsallaşdırılması prosesinin dəstəklənməsi və ölkədə “fintech” seqmenti ilə əməkdaşlıq və onlara verdiyi töhfə, ölkənin maliyyə ekosisteminin gücləndirilməsinə və iqtisadiyyatının rəqabətqabiliyətliyinə göstərdiyi dəstək haqqında fikirlərini forum iştirakçıları ilə bölüşüb.

Qeyd edək ki, “PAŞA Bank” məsuliyyətli korporativ vətəndaş olaraq 2023-cü ilin may ayından etibarən “BMT-nin Qlobal Sazişi”nin üzvüdür. “BMT-nin Qlobal Sazişi” bu gün dünya üzrə 160-dan çox ölkədə yerləşən 25,000-ə yaxın şirkəti və qeyri-biznes tərəfdaşını bir araya gətirən dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür. “BMT-nin Qlobal Sazişi” dayanıqlı gələcək üçün məsuliyyətli fəaliyyət və idarəetmə prinsiplərini dünya miqyasında təşviq edir və bu istiqamətdə özəl sektora birbaşa dəstək verir.