BANK

13 Noyabr

Fiziki şəxslərin xarici valyuta əmanətlərin həcmi və hüquqi şəxslərin xarici valyutada olan əmanətlərinin həcmi azalıb

Mərkəzi Bankın sədri əmanətlərlə bağlı narahatlıq doğuran iki məqamı açıqlayıb.

Fins.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Mərkəzi Bankın sədri Taleh Kazımov əmanətlərlə bağlı narahatlıq doğuran iki məqamı açıqlayıb.

Mərkəzi Bankı narahat edən bir məqamı qeyd edən T.Kazımov bildirib ki, bir ilədək əmanətlərin ümumi əmanətlərdə payı 81 faiz təşkil edir. Bu isə o deməkdir ki, bizim banklarımızın uzun müddətli maraqları kifayət qədər deyil ki, aktiv biznes kreditləri versinlər.

AMB sədri ikinci narahatlıq doğuran məqamı da nəzərə çatdıraraq qeyd edib ki, 30 min manatadək əmanəti olan əmanətçilərin sayı ümumi əmanətçilərin sayında 73 faiz təşkil edir. Bu o deməkdir ki, əhali daha çox 30 min manatadək əmanətlər yerləşdirir:

"Bu sahədə fevral ayından azalma müşahidə edirik. Fiziki şəxslərin xarici valyuta əmanətlərin həcmi 4.1 faiz bəndi azalaraq 35.1%-ə enib. Hüquqi şəsxlərin xarici valyutada olan əmanətlərinin həcmi isə 10.8 faiz bəndi azalaraq 42% təşkil edib".

O, həmçinin vurğulayıb ki, ilk dəfə olaraq banklararası bazarın yaranması böyük nailiyyətdir və AMB-nin maliyyə sabitliyi siyasəti ödənişlərin fasiləsizliyinə yönəlib:

"Kredit portfelimiz 9 ayda 14 % artıb. Bank sektoruna və manata inam artıb”.

Fuad Mədətov
Fins.az