BANK

02 Noyabr

“Best Managed Companies Azerbaijan 2024” müsabiqəsi çərçivəsində ilk işgüzar görüş keçirilib

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın və "Deloitte Azərbaycan"ın tərəfdaşlığı ilə həyata keçirilən “Best Managed Companies Azerbaijan 2024” layihəsi çərçivəsində ilk işgüzar görüş baş tutub.

Fins.az xəbər verir ki, tədbirdə münsiflər heyətinin üzvləri, müsabiqədə ötən il qalib gələn şirkətlərin və bu ildə iştirak üçün artıq müraciət edən şirkətlərin təmsilçiləri iştirak edib.

Qeyri-rəsmi mühitdə keçirilən görüşdə “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsinin əsas fəlsəfəsi və hədəfləri, qalib seçilmək üçün tələb olunan əsas meyalar və qiymətləndirmə zamanı münsiflər heyəti tərəfindən əsas diqqət yetirilən kriteriyalar ətraflı müzakirə olunub. Həmçinin, ötən il qaliblər siyahısında yer alan AVRORA Qrup, METAK, NORM Sement, Veyseloğlu Şirkətlər Qrupunun rəhbər nümayəndələri müsabiqədə iştirak təcrübəsi və faydaları haqqında çıxış edərək, bu ilki nəmizəd şirkətlərin təmsilçiləri ilə fikir mübadiləsi aparıb və onlara dəyərli məsləhətlər veriblər.

Tədbirdə “PAŞA Bank”ın İdarə heyətinin sədri Cavid Quliyev qeyd edib ki, “Best Managed Companies Azerbaijan” layihəsi iqtisadiyyatın real sektorunu təmsil edən qabaqcıl yerli şirkətlərin nailiyyətlərini həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda tanıtmaq üçün unikal bir platformadır.

“İqtisadiyyatın real sektoruna dəstək verən “PAŞA Bank” bu layihədə artıq 3 ildir ki, əsas tərəfdaş qismində çıxış edir. Çox sevindirici haldır ki, hər yeni mövsümdə “Best Managed Companies Azerbaijan” müsabiqəsinə bizneslərin daha da artan marağının şahidi oluruq. Əminliklə deyə bilərəm ki, bu müsabiqə Azərbaycanın biznes icması üçün həm bilik və təcrübəni paylaşmaq, həm də beynəlxalq biznes mühitinə inteqrasiya olmaq üçün geniş imkanlar yaradır. “Best Managed Companies Azerbaijan” bazarda aktiv fəaliyyət göstərən şirkətlərin rəqabətə davamlılığının gücləndirilməsi, insan resurslarının idarə edilməsi, korporativ idarəetmə proseslərinin və başqa sahələrin təkmilləşdirilməsinə dəstək olacaq, bu isə öz növbəsində ölkə iqtisadiyyatının real sektorunun inkişafına töhfə verəcək”, - deyə, C. Quliyev vurğulayıb.