Bir neçə il ard-arda keçirilən və 3 ay boyunca davam edən yay təcrübə proqramının əsas məqsədi “PAŞA Bank”a yeni əməkdaşların cəlbi və gənc kadrların inkişafına töhfə verməkdir.
Fins.az xəbər verir ki, təcrübəçilər 3 ay boyunca aidiyyəti sahələr üzrə onlar üçün hazırlanmış plana əsasən təcrübə keçərək, korporativ iş mühiti ilə daha yaxından tanış olmuşlar. Əlavə olaraq, iştirakçılar “PAŞA Bank”ın peşəkar komandası tərəfindən keçirilən “Maliyyə Savadlılığı”, “Risk”, “Agile”, “Dizayn”, “Kreditlər” və s. haqqında informativ təlim sessiyalarına cəlb edilmişlər.
“PAŞA Bank”ın mütəxəssisləri tərəfindən mentorluq fəaliyyətləri ilə təmin olunan təcrübəçilər sonda öz təqdimatlarını edərək proqramda olduqları müddətdə əldə etdikləri praktiki bilikləri və peşəkar bacarıqları uğurla nümayiş etdirmişlər.
ADA Universitetində keçirilən bağlanış mərasimində “PAŞA Bank”ın rəhbər heyəti proqram məzunlarını təbrik edərək, sertifikatlarla təltif etmişdir.
Qeyd edək ki, 7000-dən çox müraciət edən namizədlər arasından yalnız 42 nəfər ilkin dəyərləndirmə və müsahibə mərhələlərindən uğurla keçərək “PAŞA Bank”ın bu ilki “Yay Təcrübə Proqramı”nın iştirakçısı olmaq şansı əldə etmişdir.