Gürcüstan Milli Bankının qərarına əsasən 27 oktyabr, 2023-cü il tarixindən etibarən “PAŞA Bank Gürcüstan” ASC-nin İdarə Heyətinin tərkibində dəyişikliklər baş verib.
Bankdan Fins.az-a verilən məlumata görə, Ramil İmamov "PAŞA Bank Gürcüstan" ASC-nin İdarə Heyətinin Sədri, Baş İcraçı Direktor vəzifəsinə təyin edilib. O, bu vəzifədə Nikoloz Şurqayanı əvəz edəcək.
Ramil İmamov PAŞA Qrupa 2015-ci ildə “Kapital Bank” ASC-yə Baş Pərakəndə Satış İnzibatçısı olaraq qoşulub. Daha sonra, “BirKart BOKT”da Müşahidə Şurasının Sədri vəzifəsini də icra edib.
Eyni zamanda 2012-ci ildə “Kapital Bank” ASC-yə Büdcə və hesabatlıq şöbəsinin rəhbəri olaraq qoşulmuş Pərvin Məmmədov “PAŞA Bank Gürcüstan” ASC-nin Baş Maliyyə İnzibatçısı vəzifəsinə təyin edilib. O, bu vəzifədə Selim Berenti əvəz edəcək.
Nəzərinizə çatdıraq ki, həm Ramil bəy, həm Pərvin bəy PAŞA Hub tərəfindən təşkil olunan Leading Lights proqramının məzunlarıdır.
Ramil İmamov və Pərvin Məmmədova yeni vəzifələrində uğurlar arzulayırıq!
Fuad Mədətov
Fins.az