BANK

13 Oktyabr

BoE Qubernatoru Beyli:"İngiltərənin potensial böyüməsi azalıb"

Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Yığıncaqları çərçivəsində keçirilən Beynəlxalq Maliyyə İnstitutunun İllik Üzvlük Yığıncaqlarında çıxış edən İngiltərə Bankının (BoE) sədri Endryu Beyli inflyasiyanın azaldılması istiqamətində irəliləyiş əldə edildiyini bildirib. Lakin hələ görüləsi işlərin olduğunu da qeyd edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Beyli sentyabr ayında keçirilən pul siyasəti iclasında faiz dərəcəsinin sabit saxlanılması qərarının çətin bir qərar olduğunu bildirib.

Pul siyasətinin hazırda sıx olduğunu ifadə edən Beyli, "Belə olmalıdır. Sıx pul siyasəti qərarları davam edəcək. Görünüş (İngiltərə iqtisadiyyatında böyümə üçün) olduqca aşağıdır. Biz tənəzzül görmürük, lakin İngiltərənin potensial böyüməsi azalıb. Davam edəcək şoklara hazır olmalıyıq" deyib.

BoE siyasət faizini ardıcıl 14 dəfə artırıb. Faiz dərəcələrini son 15 ilin ən yüksək səviyyəsi olan 5,25 faizə qaldırıb. Sentyabr ayında keçirilən pul siyasəti iclasında siyasət dərəcəsi sabit saxlanılıb.

Noyabrın 2-də bankın pul siyasəti üzrə növbəti iclası keçiriləcək.

Günel Məlikzadə
Fins.az