Azərbaycanda depozit portfeli üzrə de-dollarlaşmanın əsas drayveri hüquqi şəxslərin xarici valyutadakı tələbli depozitlərinin azalması olub. Belə ki, 2023-cü ilin ilk 6 ayı ərzində hüquqi şəxslərin xarici valyutadakı tələbli depozitləri 3.1 mlrd. manat azalıb ki, bu da hüquqi şəxslər üzrə depozit portfelinin dollarlaşmasının 6.3 faiz bəndi azalaraq 44.6%-ə enməsinə səbəb olub.
Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankın ”Maliyyə Sabitliyi Hesabatında” bildirilib.
Qeyd edək ki, hüquqi şəxslərin müddətli depozitləri üzrə də uzunmüddətli de-dollarlaşma trendi davam etmişdir. Ötən ilin sonu ilə müqayisədə hüquqi şəxslərin müddətli depozitləri üzrə dollarlaşma səviyyəsi 2.4 faiz bəndi azalaraq 67.7% təşkil edib.
Xatırladaq ki, 2023-cü ilin ilk altı ayı ərzində ümumilikdə fiziki şəxslərin cəmi depozitlərinin dollarlaşması 2.7 faiz bəndi azalaraq 37.1% təşkil edib. Manatın sabitliyi və milli valyutada depozit faiz dərəcələrinin yüksək olması fiziki şəxslərin milli valyutada müddətli depozitlərinin artımını şərtləndirir. Belə ki, müddətli depozitlərin dollarlaşması 2023-ci ilin ilk yarısında 2.1 faiz bəndi azalaraq 36.9% olub. Ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin xarici valyutada tələbli depozitləri üzrə də dollarlaşmanın azalması müşahidə edilmişdir. Belə ki, fiziki şəxslərin tələbli depozitləri üzrə dollarlaşma səviyyəsi 3.3 f.b azalaraq 37.4% olub.
Fuad Mədətov
Fins.az