Bu ilin mayın 1-nə fəaliyyətdə olan bankların cəmi aktivləri 45 milyard 582.7 milyon manat, cəmi öhdəlikləri 39 milyard 771.3 milyon manat, balans kapitalı 5 milyard 811.4 miylon manat olub.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın bank sektoru ilə bağlı Statistik bülletenində bildirilir.
Aprel ayında bankların kredit portfeli 1.7% və ya 341 milyon manat artaraq 20 milyard 379.6 milyon manat olub. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.5% (11 milyard 108 milyon manat), ıı) istehlak kreditləri – 29.8% (6 milyard 72.3 milyon manat) və ııı) ipoteka kreditləri – 15.7% (3 milyard 199.3 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9 faiz bəndi azalaraq 2.8% təşkil edib.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81.4%-i və ya 32 milyard 366.9 milyon manat). Bankların depozit portfeli cari ilin aprel ayında 1.4% və ya 433.7 milyon manat artıb. Depozit portfelinin 63.1%-i (20 milyard 411.5 milyon manat) hüquqi şəxslərin, 36.9%-i (11 milyard 955.4 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Hesabat ayında bankların əmanət portfeli 2% və ya 236 milyon manat artıb. Əmanət portfelinin 53.3%-i (6 milyard 376.2 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 445.6 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 85.5%-ni təşkil edib. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması aprel ayında ilin əvvəlinə nəzərən 2 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalaraq 37.2% təşkil edib.
2023-cü ilin yanvar-aprel aylarında banklar 345.2 milyon manat xalis mənfəət, 512.9 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 39% və 32% artıb.
Fuad Mədətov
Fins.az