BANK

18 May

"Paşa Bank"ın aktivləri artıb və bu göstərici üzrə ölkə bankları arasında lider mövqe tutub - Murad Süleymanov

"Paşa Bank"ın 2022-ci ildə aktivlərində artım əvvəlki illə müqayisədə 31,2 faiz olub.

Fins.az xəbər verir ki, bunu bankın idarə heyətinin üzvü Murad Süleymanov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, 2022-ci ilin yekunlarına görə "Paşa Bank"ın aktivləri 8,433 milyard manatdan çox olub və bank bu göstərici üzrə ölkə bankları arasında lider mövqe tutub.

Faizlərdən gəlir gətirən aktivlərin ümumi aktivlər portfelində payı 15,2 faiz azaldığını deyən M.Süleymanov onu da qeyd edib ki, bankın kredit portfelinin 46,9 faizi ticarət və xidmət sektorunun payına düşür:

"16,6 faiz fiziki şəxslərdir, yerdə qalan hissə isə sənaye, tikinti, turizm və bir sıra digər sektorlardır".

Bankın üçüncü tərəflər qarşısında öhdəlikləri 7,8 milyard manatdan çox olduğunu söyləyən bankın idarə heyətinin üzvü bildirib ki, 89,7 faiz müştərilər qarşısında, 7,6 faiz isə banklar, fondlar və başqaları qarşısında öhdəliklərin payına düşür:

"2022-ci ildə müştərilər qarşısında öhdəliklər 39 faiz artdığı halda, fondlar və banklar qarşısında öhdəliklər 10,7 faiz azalıb".

Fuad Mədətov
Fins.az