Bu gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Fins.az xəbər verir ki, tədbirdə çıxış edən AMB-nin sədri Taleh Kazımov son 20 ildə Azərbaycanda həyata keçirilən təqdiredici artım strategiyası sayəsində milli iqtisadiyyatın real həcmi dörd dəfə, ixrac isə 15,6 dəfə artığını deyib.
Onun sözlərinə görə, iqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən dörd faiz bəndi yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib:
“Ölkənin strateji valyuta ehtiyatları 41,9 dəfə artaraq 65,9 milyard ABŞ dollarına çatıb. Neft gəlirləri uğurla sosial-iqtisadi inkişafa transformasiya edilib, iqtisadiyyatın fiziki və texnoloji infrastrukturu tamamilə müasirləşib. Sürətli artım sayəsində əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib, yoxsulluq səviyyəsi xeyli azalıb”.
Regiondakı liderlik mövqeyini davamlı şəkildə möhkəmləndirən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edə bildiyini söyləyən T.Kazımov onu da qeyd edib ki, Azərbaycan şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizləri qovşağına çevrilib.
AMB sədri bildirib ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu müasir dövlət, dayanıqlı iqtisadiyyat və inklüziv cəmiyyət hədəfləri artıq günümüzün reallığına çevrilib.
Fuad Mədətov
Fins.az