Aprelin 20-də Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Macarıstan Banklar Assosiasiyası (MBA) arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Fins.az xəbər verir ki, sənədi ABA-nın prezidenti Zakir Nuriyev və Macarıstan Banklar Assosiasiyasının Baş katibi Levente Kovács imzalayıb.
Memorandum çərçivəsində tərəflər arasında əməkdaşlığın təşviqi, birgə təhsil və təlim proqramları daxil olmaqla tədbirlərin təşkili, hər iki təşkilatın üzvü olan banklar arasında infomasiya mübadiləsi, müxbir münasibətlərin inkişafı və qarşılıqlı razılıq çərçivəsində bank-maliyyə sektoru ilə əlaqədar digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Eyni zamanda əməkdaşlıq məsələlərinə rəqəmsal ödənişlərdə fırıldaqçılıqla mübarizə, banklarda kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, müxtəlif xidmət haqqı tariflərinin optimallaşdırılması sahəsində təcrübə mübadiləsi, müvafiq dövlət proqramlarının icrası ilə bağlı məsələlərdə beynəlxalq təcrübənin öyrənilməsi daxildir.
Bildirək ki, ABA çoxsaylı xarici bank assosiasiyaları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurmuş, eləcə də beynəlxalq və regional bank birlikləri ilə yaxından əməkdaşlıq edir. Bunlardan Avropa Bankçılıq Federasiyasını və Beynəlxalq Bank Şurasını qeyd etmək olar. Eyni zamanda, 2022-ci ildə isə ABA-nın və Türkiyə Banklar Birliyinin təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılıb.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.