BANK

26 Aprel

Mərkəzi Bank valyuta ehtiyatlarının idarəedilməsindən 42 milyon manat itirib

Azərbaycan Mərkəzi Bankı ötən il valyuta ehtiyatlarının idarəedilməsindən zərər edib.

Fins.az xəbər verir ki, bu barədə AMB-nin illik hesabatında bildirilib. Belə ki, 2022-ci ilin sonuna Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsindən xalis zərəri -41.8 mln. ABŞ dolları, zərərlilik isə -0.53% olub.

AMB-nin açıqlamasına görə, qlobal maliyyə bazarlarında müşahidə olunan əlverişsiz mühit Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsinin nəticələrinə də təsirsiz ötüşmıyib. Belə ki, aparıcı mərkəzi bankların siyasət faiz dərəcələrini kəskin artırması fonunda qlobal borc qiymətli kağızlarının bütün seqmentləri üzrə qiymətlər düşüb. Yüksələn bazar faiz dərəcələri Mərkəzi Bankın investisiya portfelinin əhəmiyyətli hissəsini təşkil edən qısamüddətli maliyyə alətlərinin daha yuxarı faizlə yenidən investisiyasına imkan yaratmaqla faiz gəlirlərini artırsa da, nisbətən uzunmüddətli perspektiv üçün investisiya edilən risksiz və yüksək kredit keyfiyyətli borc qiymətli kağızları üzrə realizə olunmamış yenidənqiymətləndirmə zərərlərinin yaranmasına gətirib çıxarıb.

"Yüksələn bazar faiz dərəcələri növbəti illərdə Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsindən əldə olunacaq gəlirlərin əhəmiyyətli artırılmasına imkan verəcəkdir. 2022-ci ildə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 1.9 mlrd. ABŞ dolları və ya 27% artaraq 9.0 mlrd. ABŞ dolları təşkil edib. Daxili bazardan valyuta alışları valyuta ehtiyatlarına artırıcı, əsasən məzənnə fərqi isə azaldıcı təsir göstərib" - AMB-nin hesabatında qeyd edilib.