BANK

19 Aprel

“AccessBank 2023-cü ildə kapitalının rentabellik əmsalını 20%-ə çatdırmağı hədəfləyir”: Davit Tsiklauri - FOTO

2023-cü ildə hədəfimiz bankın kapitalının rentabellik əmsalını (ROE) 20%-ə çatdırmaqdan ibarətdir. Bu barədə Trend-ə müsahibəsində AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.

"2022-ci il AccessBank üçün bütün mənalarda çox uğurlu və dönüş ili olub. Bu il ərzində komandamız mühüm dəyişikliklərə nail olub. Bunlar da banka  maliyyə göstəricilərini yaxşılaşdırmaq üçün imkan verib. Göstəricilərdən danışarkən bankın kapitalının rentabelliyini də qeyd etmək lazımdır. Bank sferasında nəticələri mütləq rəqəmlərlə ölçmək heç də düzgün deyil. Bankımızın kapitalının rentabelliyi 2020 və 2021-ci illərdə sıfıra yaxın olub, 2022-ci ildə isə prudensial hesabatlılığa əsasən 17% təşkil edib", - D.Tsiklauri deyib.

Rentabelliyə toxunan D.Tsiklauri bildirib ki, Azərbaycanda səhmdarlar üçün maliyyə institutları üzrə kapitalın gözlənilən rentabellik əmsalı (ROE) bütünlükdə regionda olduğu kimi təqribən 20% təşkil edir. Üstəlik bu cür rentabellik maliyyə institutunun daha da yüksəlişinə təkan verir. Bu da bütün ölkə iqtisadiyyatına müsbət təsir göstərir. "Bir çox Azərbaycan bankları bu həddi keçib və biz gələcəkdə kapital gəlirimizin artacağını gözləyirik. 2023-cü il üçün AccessBank-ın fəaliyyətini 2022-ci ilə nisbətən yaxşılaşdırmağı qarşımıza məqsəd qoymuşuq. Bu nəticəyə nail olmaq üçün bankımız müştərilərin xidmətlərimizdən rahat istifadə etməsi üçün yeni məhsulların tətbiqinə və infrastrukturun təkmilləşdirilməsinə investisiya qoymağı davam etdirməyi planlaşdırır.

İnkişaf strategiyasından bəhs edən idarə heyətinin sədri AccessBank-ın hədəfinin mikro, kiçik və orta sahibkarlığa (MKOS) dəstək olduğunu və dəyişməz qaldığını qeyd edib. "AccessBank daima bu seqmentdəki müştəriləri dəstəkləməkdə aktiv olub və bu bizim əsas prioritetimiz olaraq qalır. Pərakəndə seqment üçün xidmət və məhsulların təşviqi üzrə aktiv fəaliyyət başladıqdan etibarən bankımızın infrastrukturunda dəyişikliklər baş verib və biz onu daha da gücləndirməyi planlaşdırırıq", - o deyib.

D.Tsiklauri qeyd edib ki, Bankın strategiyasının əsas istiqaməti kreditin verilməsi ilə bağlı qərarların qəbulunu sürətləndirmək (məsələn, skorinq mexanizmləri, qərarların qəbulunun avtomatlaşdırılması və s.) baxımından bank xidmətlərinin təkmilləşdirilməsinə yönəldiləcək. "AccessBank-ın inkişaf strategiyasının həyata keçirilməsi mikro, kiçik və orta biznes seqmentində güclü mövqe tutmağa və pərakəndə satış seqmentində güclənməyə yönəlmiş yol xəritəmizə uyğun olaraq davam edir", - deyə o əlavə edib.

Bundan əlavə, D.Tsiklauri qeyd edib ki, AccessBank-ın mikrokredit portfeli illik müqayisədə 25%-dən çox artıb. Bank bu seqmentdə Azərbaycan bazarında hər ay ən çox kredit verən bankdır. "Fəaliyyətimizin seqmentləri və əsas istiqamətləri aşağıdakı kimidir: birincisi AccessBank mikrokreditlərə kapital yerləşdirməyə davam edir və düşünürəm ki, yaxın bir neçə il ərzində məhz bu seqmentdə artımımız 15-20% arası olacaq. İkincisi 2023-cü ildə biz kiçik və orta sahibkarlıq (KOS) seqmentində əvvəlki illərlə müqayisədə daha aktiv olacağıq. Üçüncüsü isə 2021-ci ildən etibarən aktiv şəkildə inkişaf etdirməyə başladığımız pərakəndə seqment üçün məhsullarımızı təkmilləşdirməyə davam edəcəyik.", - D.Tsiklauri deyib.

Bankın Sahibkarlığın İnkişafı Fondu ilə tərəfdaşlığına toxunan D.Tsiklauri 2023-cü il üçün nəzərdə tutulan məbləğ üzrə maksimal hədəf limitinin ilkin qeyd olunan limiti keçdiyini bildirib. Qeyd edək ki, bankın fondla tərəfdaşlığı nəticəsində 2022-ci ildə 258 sahibkar tərəfindən müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə yeddi milyon manat dəyərində güzəştli kredit ayrılıb. "Bu alət biznes fəaliyyətini təşviq etmək üçün yaxşı bir üsuldur. Son bir ildə biz bu resursdan tam istifadə etdik və 2022-ci ilin sonuna qədər AccessBank-a əlavə vəsait ayrılaraq limit artırıldı. Bu il bizə fonddan 10 milyon manat vəsait ayrılıb", - deyə o bildirib.

Bundan başqa, AccessBank 2022-ci ildə yeni başlayan sahibkarlara dəstək məqsədilə 18-30 yaş arası 4 000 sahibkarın biznesinin inkişafı üçün ümumilikdə 45 milyon manatdan çox kredit ayırıb. "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iqtisadi fəallığı daha yüksəkdir və bununla əlaqədar olaraq bizim bütün diqqətimiz bu seqmentə yönəlib. Bu sahədə təkcə gənc sahibkarlara deyil, həm də qadın sahibkarlığa dəstək proqramlarımız mövcuddur", - deyə Davit Tsiklauri əlavə edib.

AccessBank-ın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığından danışan D.Tsiklauri gələcək inkişaf üçün əlavə vəsait cəlb etmək lazım olduğunu və bu səbəbdən bankın hazırda bir sıra xarici institutlarla danışıqlar apardığını qeyd edib.