BANK

17 Aprel

Özəl şirkətlər Mərkəzi Bankın notlarını ala biləcək - YENİ QƏRAR

Banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə edəcəklər. Bu isə Azərbaycanda özəl şirkətlər Mərkəzi Bankın (AMB) notlarını əldə edə biləcəyi anlamına gəlir.

Bu barədə Fins.az-a AMB-dən bildirilib ki, not hərraclarında rəqabəti artırmaqla müxtəlif müddətlər (1/3/6/9 ay) üzrə gəlirlik əyrisinin formalaşmasına şərait yaratmaq, qısamüddətli pul bazarında aktivliyi dəstəkləmək üçün notlar üzrə investor bazası genişləndirilmiş, notların yerləşdirilməsi şərtlərinə dəyişikliklər edilib.

Qərara alınıb ki, banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə etsinlər. Limitlər bankların likvidlik mövqeyində və qiymətli kağızlar bazarının müxtəlif seqmentlərində kəskin dəyişikliklərə yol verməmək məqsədilə tətbiq edilir. Qisamüddətli notların həcminin genişləndirilməsi investorların sayını artırmaqla qiymətli kağızlar bazarında aktivliyə müsbət təsir göstərəcəkdir.

Qeyd edilib ki, Mərkəzi Bank notların investor bazasının genişləndirilməsinin nəticələrini davamlı təhlil edəcəkdir. Pul bazarında gedən proseslərdən və Mərkəzi Bankın pul siyasəti hədəflərinə nail olunması vəziyyətindən asılı olaraq Mərkəzi Bankın qiymətli kağızlarının yerləşdirilməsi şərtlərinə yenidən baxıla bilər.

Fuad Mədətov
Fins.az