BANK

04 Aprel

Azərbaycanda bank kartlarının sayında artım olub

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 2023-cü ilin fevral ayının sonunda yanvar ayının sonuna nəzərən 166 min ədəd artaraq 13 milyon 654 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.4% artıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ödəniş kartlarında artım debet kartları üzrə 16.9%, kredit kartları üzrə 28.7% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 118 min, kredit kartları 420 min, digər kartlar isə 1.5 milyon ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə artıb. 2023-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 milyard 877 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2 milyard 252 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 621 milyon manatı POS-terminallar, 2.9 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

Fuad Mədətov
Fins.az