BANK

03 Aprel

ABA-nın “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”na sədr təsdiqlənib

Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin martın 30-da keçirilmiş iclasında yeni yaranmış “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”na sədr vəzifəsinə “Kapital Bank” ASC-nin Hüquq Departamentinin direktoru Ələkbər İsmayılzadə təyin edilib.

Bu barədə Fins.az-a ABA-dan məlumat verilib.

Ələkbər İsmayılzadə Bakı Dövlət Universitetini bakalavr və magistr dərəcəsi üzrə bitirib, habelə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə təhsil alıb.

Ələkbər İsmayılzadə karyerasına 2005-ci ildən Azərbaycan Respublikası Mərkəzi Bankında başlayıb, 2017-ci ildən karyerasını “Kapital Bank” ASC-də davam etdirərək bankın Hüquq Departamentinin direktoru vəzifəsinə kimi yüksəlib.

Xatırladaq ki, ABA-nın nəzdində bank-maliyyə sektorunun müxtəlif istiqamətlərini əhatə edən 14 Ekspert Qrupu fəaliyyət göstərir.