Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanan Anlaşma Memorandumunun icrası çərçivəsində ilk ağacəkmə tədbiri təşkil olunub.
Fins.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, həmçinin maliyyə sektoru assosiasiyalarının əməkdaşlarından ibarət heyətin iştirakı ilə ilk ağacəkmə tədbiri Müşfiqabad qəsəbəsində yerləşən ərazidə həyata keçirilib.
Aksiya zamanı 3 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 300-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.
Qeyd edək ki, Memorandum çərçivəsində bu ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağac əkiləcəkdir.
Fuad Mədətov
Fins.az