BANK

15 Mart

Bank-maliyyə sisteminin nümayəndələri azad edilmiş ərazilərdə ağac əkəcəklər - FOTO

Azərbaycanın bank sektorunun nümayəndələrinin iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə ağacəkmə aksiyası keçiriləcək.

Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

Aksiyanın bu ilin aprel-may aylarında baş tutacağını bildirən  Z.Nuriyev, Azərbaycan maliyyə sektoru Mərkəzi Bankın təşəbbüsü ilə 2023-cü ildən başlayaraq hər il 100 min olmaqla on il ərzində bir milyon ağac əkilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə memorandum imzaladığını söyləyib:

"Bununla bağlı maliyyə sektorunda təmsil olunan bütün birliklər, o cümlədən Azərbaycan Banklar Assosiasiyasının iştirakı ilə bu tədbirlərə start verilib. Ərazilərin seçilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən ediləcək. Biz düşünük ki, artıq bu ilin aprel-may aylarında prosesə başlayacağıq. Bütün ölkə ərazisində bu iş davam edəcək".

Məlumat üçün qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, "Azərbaycan Banklar Assosiasiyası", "Azərbaycan Sığortaçılar Assosiasiyası", "Azərbaycan Mikromaliyyə Assosiasiyası", "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" və "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birlikləri arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir.

Fuad Mədətov
Fins.az