BANK

09 Fevral

Kapital Bank Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək göstərdi

Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alınıb. Dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə dəstək məqsədilə Kapital Bank tərəfindən yaradılan Qırmızı Ürəklər Fondu “Türkiyə üçün bir ürək olaq!” adlı yardım vəsaitinin toplanılması aksiyasına start verib.

Bankdan Fins.Az-a verilən məlumata görə, hal-hazırda davam edən aksiya çərçivəsində bankın əməkdaşları, ölkədə və xaricdə yaşayan bir çox soydaşlarımız, həmçinin müxtəlif şirkətlərin ianələri hesabına cəmi bir gün ərzində artıq 200 000 manatdan çox vəsait toplanılıb. Aksiyaya dəstək olmaq üçün //redhearts.az saytı, Birbank rəqəmsal bankı, eləcə də Kapital Bank-ın ödəniş terminalları vasitəsilə Qırmızı Ürəklər Fonduna ianə edərək, bu təşəbbüsə siz də qoşula bilərsiniz. Toplanan vəsaitlər Türkiyədə fəaliyyət göstərən Ahbap xeyriyyə fondu vasitəsilə zəlzələ qurbanlarına yardım üçün istifadə olunacaq.

Qeyd edək ki, zəlzələ zamanı zərərçəkmiş şəxslərə dəstək məqsədilə PAŞA Holding və Kapital Bank da daxil olmaqla onun törəmə şirkətləri Türkiyənin iki önəmli yardım fonduna — Ahbap və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) hər birinə 500 000 ABŞ dolları olmaqla vəsait ianə ediblər.

Kapital Bank hadisə nəticəsində doğma və yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa və səbir diləyir. Qardaş xalqın kədəri, bizim kədərimizdir. Başın sağ olsun, Türkiyə!

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.