BANK

01 Fevral

AMB: \"Bu il inflyasiya 8% ətrafında olacaq\"

Ötən ilin dekabrında illik inflyasiya 14,4 faiz olub ki, bu da 2022-ci ildə müşahidə edilən pik səviyyə (sentyabr ayında 15,6 faiz) ilə müqayisədə cəmi 1,2 faiz bəndi azdır.

Fins.Az xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumata görə, inflyasiyanın əsas struktur komponenti olan ərzaq inflyasiyası 19 faiz olmaqla, yüksək olaraq qalır. İstehsalçı qiymətləri (dekabrda illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 10,2 faiz, qeyri-neft sənaye qiymətləri indeksi üzrə 10,6 faiz olub) və idxal qiymətləri (noyabrda illik idxal qiymətlərinin artımı 23,4 faiz olub) indekslərinin artım templəri ikirəqəmli səviyyədədir. İnflyasiya gözləntilərinin həssaslığı da inflyasiya riskləri sırasındadır.

2022-ci ilin dekabrında keçirilən sorğuların nəticələrinə görə inflyasiya tempinin yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı 2 faiz bəndi artaraq 22 faizə yüksəlib. Ümumilikdə illik inflyasiya azalmaya meyil göstərsə də, onun proqnozlaşdırılan səviyyəsi hədəf göstəricisini üstələməkdə davam edir. Yenilənmiş proqnozlara görə baza ssenari üzrə fərziyyələr sabit qalarsa 2023-cü ildə illik inflyasiyanın 8 faiz ətrafında olacağı gözlənilir.

Fuad Mədətov
Fins.Az