BANK

30 Yanvar

AYİB 2022-ci ildə Azərbaycana qoyulan investisiyanın həcmini açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə Azərbaycanda 9 layihəyə 86 milyon avro sərmayə qoyub.

Bu barədə AYİB-dən bildirilib. Məlumata görə, bu investisiyaların əksəriyyəti özəl sektora, 71 faizi ölkənin yaşıl iqtisadiyyatına və bərpa olunan enerji və dayanıqlı infrastrukturdan tutmuş telekommunikasiya, media və texnologiyaya (TMT) qədər müxtəlif sektorlarda olub.

Bildirilib ki, 2022-ci il ərzində AYİB Azərbaycanın enerji mənbələrini şaxələndirmək məqsədinə əhəmiyyətli töhfə verib. İnvestisiyalar baxımından Bank ölkənin ilk özəl, geniş miqyaslı və 558 gigavatsaat (GWh) yaşıl elektrik enerjisi istehsal etməsi nəzərdə tutulan günəş elektrik stansiyasının tikintisini birgə maliyyələşdirib. Eyni zamanda Bank bərpa olunan enerjinin daha da inkişaf etdirilməsi, sector üzrə aşağı karbon yolunun tətbiqi, milli elektrik şəbəkəsinin təkmilləşdirilməsi, enerji səmərəliliyinin artırılması, metan emissiyalarının azaldılması və innovativ texnologiyaların mərhələli şəkildə tətbiqi üçün Energetika Nazirliyi ilə tərəfdaşlığını bir daha təsdiqləyib.

Bank, həmçinin AYİB-in Yaşıl Şəhərlər proqramı çərçivəsində Gəncə şəhərində tullantıların idarə olunması sistemini və şəhərin küçələrinin işıqlandırılmasını yaxşılaşdırmaq üçün iki layihə ilə davamlı infrastrukturun inkişafında aktiv rol oynamışdır. Azərbaycanın ikinci ən böyük şəhərində yaşayan 300 000-dən çox insan öz şəhər mühitinin yaxşılaşdırılmasından faydalanacaqdır.

Azərbaycanın təchizat zəncirinin dayanıqlığını dəstəkləmək və daha geniş Orta Dəhliz tranzit potensialını artırmaq üçün logistik infrastruktura investisiya qoyulub. Bank özəl müştərisinə enerjiyə qənaət edən quru və soyuducu anbarların tikintisi üçün kreditlər ayırıb.

2022-ci il həmçinin AYİB üçün Azərbaycanda bir çox ilklərlə də əhəmiyyətli olmuşdur. Avropa İttifaqının (Aİ) dəstəyi ilə Bank istifadə müddəti bitmiş və atılması nəzərdə tutulan batareyaları təkrar emal edən şirkətə kömək edərək ilk dairəvi iqtisadiyyat layihəsini maliyyələşdirib.

Rəqəmsallaşma baxımından Bank ölkənin regionlarında 280 000-dən çox ev təsərrüfatına ən müasir genişzolaqlı infrastrukturu yaymaq üçün TMT sektoruna Aİ ilə ilk birgə sərmayəsini etmişdir.

Bank həmçinin Kiçik Bizneslər üçün Məsləhət Proqramı və Ticarətin Asanlaşdırılması Proqramı (TFP) vasitəsilə kiçik və orta biznes müəssisələrini (KOB) dəstəkləmişdir. Beş illik fasilədən sonra Bank tərəfdaş bankı ilə ticarətin maliyyələşdirilməsi zəmanətini yenidən aktivləşdirdi və ilk əməliyyatını həyata keçirdi.

2022-ci ildə Bank həmçinin Azərbaycanda öz potensiallarını tam şəkildə üzə çıxarmaqda kömək etmək üçün perspektivli startapları, akseleratorları və məsləhətçiləri hədəfləyən Star Venture proqramına başladı. Müxtəlif sahələri təmsil edən180-dən çox startap ərizə təqdim etmiş, onlardan üçü seçilmiş və hər biri 50.000 ABŞ dolları məbləğində qrantla mükafatlandırılmışdır.

Ötən ildə həmçinin AYİB-in prezidenti Odil Renaud-Bassonun Bakıya ilk səfəri baş tutdu. Səfər çərçivəsində prezident İlham Əliyev, nazirlər, diplomatik korpuslar, digər beynəlxalq maliyyə institutlarının (BMİ) rəhbərləri, mövcud və potensial özəl sektor müştəriləri ilə görüşlər olub.

AYİB-in Şərqi Avropa və Qafqaz üzrə İdarəedici Direktoru Matteo Patrone gələcəyə nəzər salaraq qeyd etdi: “Biz Azərbaycanla istər yaşıl maliyyə, istər iqtisadi inklüzivlik, istər dayanıqlı infrastruktur, istərsə də rəqəmsallaşma sahəsində gələcək əməkdaşlığımıza dair kifayət qədər nikbinik. Bankın 2022-ci ildə Azərbaycanla əməkdaşlığı gələcək əməkdaşlıq üçün çox güclü zəmin yaradır”.

AYİB Azərbaycanda aparıcı institusional investordur və burada 187 layihəyə 3,6 milyard Avro sərmayə qoyub. Bankın ölkədəki strategiyası Azərbaycana iqtisadiyyatını şaxələndirməyə və qeyri-neft özəl sektorunu inkişaf etdirməyə kömək etməkdən ibarətdir.