BANK

23 Yanvar

AYİB-in vitse-prezidenti Azərbaycan Mərkəzi Bankı ilə müzakirə edilən məsələləri açıqlayıb

Azərbaycan Mərkəzi Bankı ilə Daxili Kredit Reytinq Agentliyinin yaradılması potensialı müzakirə edilib.

Fins.Az-ın məlumatına görə, bunu APA-ya müsahibəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman deyib.

O bildirib ki, ötən həftə Bakıya səfəri çərçivəsində Mərkəzi Bankın yeni sədri Taleh Kazımovla görüş zamanı Azərbaycanın cari iqtisadi və bank mənzərəsi müzakirə edilib. "Diqqəti kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirmə alətlərinin təkmilləşdirilməsi yollarının axtarılmasına yönəltdik. Müzakirə etdiyimiz təşəbbüslərdən biri, yerli KOB-lara kredit reytinqləri əldə etməkdə kömək etmək üçün Daxili Kredit Reytinq Agentliyinin yaradılması potensialı idi. Biz həmçinin, ehtiyac olarsa, Ekoloji, Sosial və İdarəetmə (ESG) sahələrində təlim və əlavə yardım göstərməklə Mərkəzi Banka öz dəstəyimizi təklif etdik" - deyə Mark Bouman bildirib.

Vitse-prezident əlavə edib ki, AYİB 2023-cü il və ondan sonrakı müddətdə Azərbaycanın bank sektorunun sabitliyini və dayanıqlığını gücləndirmək istiqamətində işi davam etdirməyə sadiqdir.