Fins.az Banka istinadən xəbər verir ki, "PAŞA Bank" 2022-ci ili 149 milyon 394 min manat xalis mənfəət ilə başa vurub. Bankın xalis mənfəəti 2021-ci illə müqayisədə 65,7% və ya 59 milyon 214 min manat artıb.
2022-ci ildə "PAŞA Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 497 milyon 974 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 27,5% və ya 107 milyon 552 min manat çoxdur.
Eyni dövrdə Bankın əməliyyat xərcləri isə (faiz və qeyri-faiz xərcləri) 283 milyon 919 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 24,2% və ya 55 milyon 393 min manat çoxdur.
"PAŞA Bank"ın faiz gəlirləri 2022-ci ildə 19,1% artaraq 312 milyon 340 min manat, qeyri-faiz gəlirləri isə 44,7% artaraq 185 milyon 634 min manat təşkil edib.
Ötən il "PAŞA Bank"ın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən Bankın 212 milyon 808 min manat əməliyyat mənfəəti olub.
"PAŞA Bank"ın cəmi aktivləri 2021-ci illə müqayisədə ötən il 32,9% və ya 2 milyard 111 milyon 433 min manat artaraq ilin sonuna 8 milyard 519 milyon 814 min manat təşkil edib.
Əlavə edək ki, hesabat dövründə "PAŞA Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 7,2% və ya 182 milyon 486 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 2 milyard 728 milyon 64 min manat təşkil edib.