“Unibank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
Fins.az Report-a istinadən xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 18 700 000 manat və yaxud 14,3% artırılaraq 130 686 357,6 manatdan 149 386 357,6 manata çatdırılmasından sonra baş verib.
Nominal dəyəri 2,72 manat olan 6 875 000 ədəd yeni səhm tam yerləşdirildikdən sonra "Unibank"ın səhmdarları olan yerli fiziki şəxslər payını 92,2 %-dən 92,5 %-ə, o cümlədən Bankın Müşahidə Şurasının sədri Eldar Qəribov payını 86,7 %-dən 87 %-ə çatdırıb. Əvəzində xarici hüquqi və fiziki şəxslərin payı 7,8 %-dən 7,5 %-ə, o cümlədən "Canley Finance SA" təşkilatının payı 7,3 %-dən 7,1 %-ə, Tsagkamilis Georgiesin payı isə 0,5 %-dən 0,4 %-ə düşüb.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb