2022-ci ildə ödəniş daxilolmalarında qeyri-ticari sektorun dominantlığı davam edib.
Fins.Az Mərkəzi Banka istinadla xəbər verir ki, ticari sektorda ödəniş daxilolmaları ümumi daxilolmaların 20 faizini təşkil etməklə 5,3 milyard manat, qeyri-ticari sektorda isə 80 faiz təşkil etməklə 21 milyard manat olub. Artım müşahidə olunan fəaliyyət sahələrinin ümumi qeyri-ticari sektor üzrə daxilolmalarda payı 56 faiz, azalma müşahidə olunan fəaliyyət sahələrinin payı isə 44 faiz təşkil edib. Bütövlükdə, cari ilin üçüncü rübü ilə müqayisədə dördüncü rüb ərzində həm ticari həm də qeyri-ticari sektor üzrə iqtisadi aktivlik indeksində artım müşahidə edilib.
Tikinti sahəsində ödəniş daxilolmalarının məbləği ötən ilin müvafiq dövrünə nəzərən 61 faiz və ya 1,9 milyard manat artaraq 5,2 milyard manat olub. Bu iqtisadi fəaliyyət sahəsində artıma töhfə verən əsas qruplar yollar və küçələrin salınması, dəmir yollarının tikintisi (1,2 milyard manat artım), yaşayış və qeyri-yaşayış binalarının tikintisi (490 milyon manat artım) və təcrübə-tikinti işləri (313 milyon manat artım) olub. Bu sahədə azalma isə ixtisaslaşdırılmış tikinti işləri (-19 faiz) və bəzək və tamamlayıcı işlər (-9 faiz) qruplarında qeydə alınıb.
Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə ödəniş daxilolmaları ötən ilin eyni rübünə nəzərən 52 faiz və ya 1,4 milyard manat artaraq 4,2 milyard manat təşkil edib. Ən çox artım əsasən informasiya və telekommunikasiya avadanlıqlarının satışı (3,3 dəfə), ərzaq mallarının topdan satışı (2,2 dəfə) və avtomobillər üçün hissələrin satışı (86 faiz) qruplarında müşahidə olunub, artıma töhfə isə ixtisaslaşdırılmış və ixtisaslaşdırılmamış topdan satış (849 milyon manat artım) və kompüter və telekommunikasiya avadanlıqlarının topdan satışı (101 milyon manat artım) qruplarından irəli gəlib. Azalma isə istirahət və əyləncə məhsullarının satışı (-19 faiz), ixtisaslaşdırılmamış mağazalarda pərakəndə satış (12 faiz) və mühərrik yanacağının pərakəndə satışı (-8 faiz) qruplarında qeydə alınıb.
2022-ci ilin dördüncü rübündə daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsi üzrə ödəniş daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 237,7 milyon manat təşkil edib. Artıma töhfə əsasən şəxsi daşınmaz əmlakın istismara və kirayə verilməsi qrupundan irəli gəlib. Bu qrupda 4,7 dəfə və ya 158,5 milyon manat artım baş verib. Müqavilə əsasında daşınmaz əmlakla aparılan əməliyyatlar (-49 faiz) və şəxsi daşınmaz əmlakın alınması və satılması (-6 faiz) qruplarında isə azalma qeydə alınıb.