BANK

21 Dekabr

IFC Azərbaycanda özəl enerji sektoruna investisiya yatıra bilər

Dünyan Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın enerji sahəsinə özəl sektora investisiya yatıra bilər.

"Fins.az" xəbər verir ki, bu məsələ Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundovla IFC-nin Azərbaycan üzrə rəhbəri Aliyə Əzimovanın başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə edilib.

Məlumatda deyilir ki, AERA və Beynəlxalq Maliyyə Korporasiyası bərpa olunan enerji sahəsində dövlət-özəl sektor tərəfdaşlığı, bərpa olunan enerji sahəsinə özəl sektorun cəlb edilməsi, elektrik enerjisinin ixracı və tarif məsələləri haqqında danışılıb.

S.Axundov enerji sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətini vurğulayaraq Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirilən investisiya layihələri, eləcə də elektrik enerjisinin ixrac imkanları barədə görüş iştirakçılarına geniş məlumat verib.

Nümayəndə heyətinin üzvü, IFC-nin Dövlət-özəl sektor tərəfdaşlığı üzrə eksperti Filip Drapak isə dövlət-özəl sektor tərəfdaşlığının bərpa olunan elektrik enerjisi istehsalına effektiv təsirindən söz açıb. O, həmçinin beynəlxalq maliyyə institutunun enerji sahəsinə özəl sektor investisiyalarının cəlb edilməsi yönündə geniş təcrübəyə sahib olduğunu diqqətə çatdırıb.