BANK

09 Dekabr

Mərkəzi Bank Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə birgə İşçi qrup yaradacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə əməkdaşlıqda maraqlıdır.

AQC-dən Fins.az-a bildirilib ki, hər iki qurum arasında keçirilən görüşdə Mərkəzi Bankın sədri Taleh Kazımov qiymətləndirmə sahəsinin əhəmiyyətindən danışıb. Sədr qeyd edib ki, inkişaf edən Azərbaycan iqtisadiyyatı digər sahələrdə olduğu kimi, qiymətləndirmə sektorunda da islahatları qaçılmaz edir. Onun sözlərinə görə, rəhbəri olduğu qurum Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə əməkdaşlıqda maraqlıdır: “Qiymətləndirmə ekosistemin ayrılmaz tərkib hissəsidir. Ölkəmizin maliyyə sabitliyinə zəmanət verir. Bu baxımdan obyektiv və şəffaf qiymətləndirmələrin aparılmasına, mövcud reallığı əks etdirən rəylərin hazırlanmasına xüsusi ehtiyac var. Biz bu istiqamətdə ölkə qiymətləndiriciləri ilə dialoqa, Mərkəzi Bank olaraq tərəfimizdən bu sahənin tərəqqisi üçün addımlar atmağa, əməkdaşlığa hazırıq. Bu cür təmaslar davamlı olmalıdır”.

AQC sədri Vüqar Oruc Mərkəzi Bankın fəaliyyətini yaxından izlədiklərini və təqdir etdiklərini vurğulayıb: “Qiymətləndirmə subyektləri maliyyə təsisatları ilə yaxından işləyir. Özəl banklar və sığorta şirkətləri ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışırıq. Bu sahədə olan bəzi problemləri vurğulamaq istəyirəm. Banklar və sığorta şirkətlərinin qiymətləndirmələri müstəqil qiymətləndirmə şirkətlərinə həvalə etməsi, onların özlərinin bu prosesdə iştirakdan imtina etməsi, milli qiymətləndirmə standartlarının qəbul edilməsi, qiymətləndiricilərin məlumat bazasının yaradılması labüddür. Bununla bağlı təkliflərimizi təqdim etdik. Əminəm ki, təmaslarımız davamlı olacaq və hər iki qurum arasında münasibətlərin inkişafında yeni mərhələnin əsası qoyulacaq”.

Sonra tərəflər birgə İşçi qrupunun yaradılması, qiymətləndirmə sahəsindəki vəziyyəti əks etdirən hesabatın hazırlanması, gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi barədə razılığa gəliblər.