“Fitch Ratings” agentliyi (Agentlik) tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (Fond) fəaliyyətinin növbəti qiymətləndirilməsi həyata keçirilib.
"Fins.az" xəbər verir ki, agentliyin qiymətləndirməsinə əsasən, Fondun uzunmüddətli xarici və yerli valyutada reytinqi ölkə reytinqinə bərabər “BB+/müsbət” səviyyəsində təsdiq edilib.
Reytinqin “BB+” səviyyəsində (proqnoz “müsbət”) təsdiq olunması əsas etibarilə Fondun dövlətə məxsus olması, yaradıldığı gündən fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət olunması və davamlı dəstəklənməsi, Fondun ölkənin sosial-iqtisadi siyasətində strateji əhəmiyyətə malik olması ilə əlaqədardır.
Agentlik Fondun qeyri-kommersiya missiyasına baxmayaraq, onun yüksək maliyyə dayanıqlılığını, aktivlərin keyfiyyətini, likvidlik mövqeyini xüsusi qeyd edib.
Agentlik hesab edir ki, orta müddətli dövrdə də tənzimləmə və siyasi dəstək Fondun fəaliyyətinə müsbət təsir edəcək.
"Fitch Ratings" agentliyi 2009-cu ildən etibarən Fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır.