BANK

04 İyul

Tural Piriyev: “Əmanətlərin Sığortalanması Fondunun hazırkı maliyyə vəziyyətini müsbət qiymətləndirirəm“

Azərbaycanda iqtisadi sabitliyi, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etimadını gücləndirmək məqsədilə Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır. Artıq 15 ildir fəaliyyət göstərən Fond mövcud olduğu müddət ərzində çoxsaylı yeniliklər həyata keçirərək əmanətlərin sığortalanması, vətəndaşların bank sisteminə inamının artırılması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm irəliləyişlərə imza atmışdır. Fins.az Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyevin müsahibəsini təqdim edir.

ƏSF-in fəaliyyətinin bu günlərdə 15 ili tamam olmuşdur. Nə dəyişmiş və nəyi dəyişməyə ehtiyac vardır?

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ilkin dönəmdə kiçik təşkilat olaraq fəaliyyətə başlamışdır. Yaradıldığı dövrdə Fond tərəfindən sığortalanan əmanətlər üzrə kompensasiya limiti təxminən 4 min manat təşkil edirdi. Qurum tədricən fəaliyyətini genişləndirmiş və 2017-ci ildə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklə ölkəmizdə əmanətlərin sığortalanması prosesini həyata keçirməklə yanaşı həm də ləğvedici kimi fəaliyyət göstərməyə başlamışdır. Bununla yanaşı, 19 yanvar 2016-cı il tarixli “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə müvəqqəti olaraq ƏSF cəlb edilmiş əmanətlərin tam həcmdə sığortalanmasını təşkil etməklə bank sektoruna əmanətlərin qəbul olunmasını stimullaşdırmış və iqtisadiyyatın daha da canlanmasına öz töhfəsini vermişdir. 2020-ci ilin sonunda Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin birbaşa dəstəyi ilə qanunvericilik təşəbbüsünə əsasən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişikliklər edilmiş və fiziki şəxslərin qorunan əmanətləri üzrə ödənilən kompensasiya məbləğinin həcmi 30 min manatdan 100 min manata qaldırılmışdır. Bu addım əmanətçilərin dövlətə inamının daha da artmasına səbəb olmuşdur.  Hazırda Azərbaycan Respublikasında fiziki şəxslərin sığortalanmış əmanətlərinin kompensasiya limiti 100 min (yüz min) manat, xarici valyutada isə qeyd olunan məbləğin ekvivalentindədir. Əmanətlərin sığortalanması sisteminin həm institusional, həm də digər formatlarda təkmilləşdirilməsi istiqamətində isə davamlı işlər görülməkdədir. Bu işlərə beynəlxalq təcrübənin öyrənilməsi və xarici tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin qurulması da daxildir. Son iki il ərzində Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətində beynəlxalq əməkdaşlığın səviyyəsi həddindən artıq yüksəlib. Bununla bağlı qardaş Türkiyə, ABŞ, Ukrayna, Koreya və Kanada ilə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

May ayının 9-da Əmanətlərin Sığortalanması Fondu ilə Türkiyədə əmanətlərin sığortalanması fondunun funksiyasını həyata keçirən Tasarruf Mevduatı Sigorta Fonu (TMSF) arasında Anlaşma Memorandumu imzalanmışdır. Bununla yanaşı Cənubi Koreya Respublikasının Əmanətlərin Sığortalanması Korporasiyasının rəhbərliyinin yay aylarında Azərbaycana səfəri nəzərdə tutulmuşdur. Beynəlxalq maliyyə qurumları ilə əlaqələri yüksək səviyyəyə çatdıraraq, bir tərəfdən bu qurumları yeni layihələrimizə məsləhətçi kimi cəlb edir, digər tərəfdən isə müxtəlif layihələrin maliyyələşdirilməsində bu qurumların dəstəyindən istifadə etməyə çalışırıq.

Rəhbərlik etdiyiniz qurumun beynəlxalq təcrübəni öyrənməsi prosesini daha da dərinləşdirdiyini bildirdiniz. Hazırda hansı ölkələrin təcrübəsi öyrənilir?

Hazırda ƏSF ən mühüm iki məsələ üzrə xarici ölkələrin təcrübəsini öyrənir ki, bunlardan da birincisi risk-əsaslı sığorta modelidir. Məlumdur ki, indi Əmanətlərin Sığortalanması Fondu risk dərəcəsindən asılı olmayaraq, qanunvericiliyə uyğun olaraq istənilən bankdan eyni faiz dərəcəsi ilə sığorta haqqı alır. Biz isə, artıq riskə əsaslanan modelə keçmək istəyirik. Biz bankların risk reytinqinə uyğun olaraq sığorta haqlarının fərqli qaydada müəyyən edilməsi mexanizminin tətbiqi üzərində işləyirik. İkinci öyrəndiyimiz əsas təcrübə isə “Mərkəzləşmiş Depozit Reyesteri”nin yaradılması ilə bağlıdır. Ölkə daxilində hökumət və dövlət qurumları ilə də əlaqələr qurulur və onların bu layihələrlə bağlı mövqeləri öyrənilməkdədir. Əmanətlərin risk-əsaslı sığortalanması sistemi düşündüyümüz şəkildə tətbiq olunarsa, bu dünyada bir ilk olacaq. Xarici ölkələrdə olan tərəfdaş qurumlar da bizim üzərində çalışdığımız sistemin tətbiqində və bu təcrübədən yararlanmaqda maraqlı görünürlər.

Başqa tərəfdən, Fondun maliyyə, risk, kreditlərin və aktivlərin idarə edilməsi, arxiv işləri üzrə struktur bölmələrinin səmərəliliyinin artırılması üçün də digər ölkələrlə analoji sahədə təcrübə mübadiləsi aparılır. Bütün bu işlərin icrasına gələn aydan başlanılacaqdır.

İlk olaraq Türkiyədən başlayırıq və iş proqramı da artıq məlumdur. Gələcəkdə isə faydalı ola biləcək digər ölkələrlə də təcrübə mübadiləsi apara bilmək üçün işlər görülür.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların ləğvetmə komissiyasının sədri qismində çıxış edir, eyni zamanda banklarda olan əmanətlərin sığortaçısı funksiyasını yerinə yetirir. Həm ləğvedici həm də sığortaçı olmaq müəyyən ziddiyyətli məqamlar yaradır. Belə ziddiyyətli məqamları necə tənzimləyirsiniz?

Burada ziddiyyətli faktorun olduğunu düşünmürəm. Məlumdur ki, biz qanunvericiliyin tələblərinə uyğun olaraq həm sığorta qurumu kimi kompensasiyaları ödəyirik, həm də banklar ləğv olunduqda, ləğvedici qismində fəaliyyət göstəririk. Biz Fond olaraq kompensasiyanı öz vəsaitimiz hesabına, yaxud kənardan cəlb edilmiş vəsait hesabına ödəyir, daha sonra həmin vəsaitləri toplayırıq. Bu da ilk növbədə ləğv edilmiş bankların aktivləri və kredit portfeli hesabına reallaşdırılır. Düşünürəm ki, bu prosesi həyata keçirən orqanın Əmanətlərin Sığortalanması Fondu olması məntiqə uyğundur. Ona görə ki, portfelin sağlam şəkildə yığılmasında maraqlı olan tərəf ilk növbədə ƏSF-dir. Qəbul edirəm ki, çətin, uzunmüddətli və yüngül sayılmayan prosesdir. Bundan əlavə dünya təcrübəsində də əmanətlərin sığortalanması, kompensasiyaların ödənilməsi və bankların ləğv edilməsi prosesi paralel olaraq eyni qurumlar tərəfindən aparılır.

Təbii ki, ayrı-ayrı ölkələrdə sığortaçı funksiyasını həyata keçirən və ləğv edən qurumun fərqli olduğu təcrübələr də mövcuddur. Bəzi ölkələrdə kreditorlar komitəsi fərdi qaydada qurum kimi formalaşdırılaraq ləğvedicinin funksiyasını həyata keçirir. Bütün bunlarla yanaşı dünyada ən geniş yayılmış təcrübə hazırda Azərbaycanda mövcud olan formadır.

2020-ci ildə ƏSF-nin əlavə kapital qoyuluşu hesabına yığılmış zərəri azalmışdı? Hazırda Fondun maliyyə vəziyyəti necədir?

Bildiyiniz kimi, 2020-ci ildə Əmanətlərin Sığortalanması Fondunun yığılmış zərərləri 878 mln. manat təşkil edirdi. Bu məbləğin də 602 mln. manatı elə 2020-ci il ərzində formalaşmışdır. Ona görə ki, 4 bankda sığorta hadisəsinin baş verməsi nəticəsində Fond tərəfindən kreditorlara təxminən 676 mln. manatlıq kompensasiya ödənişi həyata keçirilməli idi. 2021-ci il ərzində Əmanətlərin Sığortalanması Fondunun 104 mln. manat məbləğində mənfəətin yığılmasına nail olunmuş və nəticədə Fondun 104 mln. manat məbləğində yığılmış zərəri azaldılmışdır. Fondun sözügedən dövr ərzində ümumi gəlirləri 113 mln. manat həcmində idi. Buraya 50 mln. manatlıq təqvim haqları ilə yanaşı 50 mln. manat məbləğində reqres gəlirləri daxil idi. Biz ləğv prosesində olan banklarda kredit yığımlarını artırdığımıza görə Fondun reqres tələblərini daha sürətli şəkildə geri qaytarmağa nail olmuşuq. Bundan əlavə 1.6 mln. manat məbləğində diskontlaşmanın geri qaytarılması üzrə maliyyə gəliri, Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikası Qanununa əsasən kompensasiya ödənişləri üzrə ilk dəfə elan verildiyi tarixdən 5 il müddət keçməsi nəticəsində, ƏSF-nin qorunan əmanətlər üzrə kompensasiya öhdəliyi 8 mln. manat azalmışdır ki, bu da öz əksini Fondun gəlirlərində tapmışdır və 2.6 mln. manat məbləğində gözlənilən kredit zərərlərinin bərpası nəticəsində əldə edilən gəlirlər olmuşdur.

Həmin zamanda Fondun 676 mln. manatlıq kompensasiya öhdəliyi yaranmışdır. Fondun o dönəmdə olan ehtiyat yığımları 208 mln. manat idi və biz qalan vəsaiti Azərbaycan Mərkəzi Bankından güzəştli şərtlərlə kredit şəklində cəlb etmişdik. İlkin olaraq nəzərdə tutulmuş rəqəm 480 mln. manat idi. Bu da tranşlarla olacaqdı. Sadəcə biz kredit yığımlarını həddən artıq yüksəltdik və həmin məbləğin cəmi 340 mln. manatını kredit olaraq götürdük. Baxmayaraq ki, biz 2023-cü ildən kredit ödənişlərinə başlamalı idik, lakin həmin məbləğin 50 mln. manatını artıq qaytarmışıq. Bunu da təqvim haqlarının və ilk dəfə olaraq ƏSF-nin qanunvericiliyə uyğun olaraq əlavə haqq tətbiq etməsi hesabına qaytara bilmişik. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 14-cü maddəsində təqvim haqları ilə yanaşı əlavə haqların cəlb edilməsi hüququ nəzərdə tutulmuşdur. Biz, Fond tarixində ilk dəfə olaraq qanunun imkan verdiyi bu hüquqdan istifadə edərək təqvim haqlarının toplanması ilə yanaşı, əlavə haqqın alınmasını tətbiq etdik ki, bu da ƏSF-nin yığımlarının artmasına səbəb olmuşdur. Nəticə etibarı ilə biz, kredit yığımları üzrə təyin edilən qrafiki qabaqlamış olduq. Hazırda bizim kredit öhdəliyimiz 290 mln. manat təşkil etsə də, zaman keçdikcə öhdəliklərimizin həcmi nəzərəçarpacaq qədər azalacaq. Fond götürülən kreditin geri ödənilməsinə 2023-cü ildə başlamalı idi, lakin, biz nəinki az kredit götürdük, hətta qrafikdən öncə krediti geri ödəməyə başladıq. Bütün bu faktları nəzərə alaraq Əmanətlərin Sığortalanması Fondunun hazırkı maliyyə vəziyyətini şəxsən mən müsbət qiymətləndirirəm.

2022-ci ildə hansı ləğv olunmuş bankların kreditorları ilə işlərin tamamlanması gözlənilir?

Hazırda ləğvetmə prosesi bitmək üzrə olan banklar mövcuddur. Bu günə qədər ləğvetmə prosesində olan 21 bankın heç birinin ləğvi başa çatmamışdır. Biz ilkin olaraq “Borçalı Bank”ın ləğvetmə prosesini bu il ərzində yekunlaşdırmaq istəyirik. Bu bankla bağlı artıq bütün kreditor tələbləri ödənilmişdir. Bununla yanaşı, ikinci olaraq “Azərbaycan Kredit Bankı”nın ləğvetmə prosesinin yekunlaşdırılması planlaşdırılır. Bu bankda da demək olar ki, bütün kreditor tələblər ödənilmək üzrədir. “Azərbaycan Kredit Bankı”nın ləğvetmə prosesində yalnız bir hal üzrə açıq kreditor tələbi qalmışdır. O tələbi də bu il ərzində bağlamağı və ləğvetmə üçün məhkəməyə müraciət etməyi planlaşdırırıq. Bunu həyata keçirdiyimiz halda bu bir ilk olacaq.

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin şəffaflığının nümayişi istiqamətində atılan ən innovativ və şəffaflığı özündə ehtiva edən layihələrdən biri də elektron auksion sistemidir. Bu sistemin hazırki fəaliyyəti sizi qane edir?

Məhz bu istiqamətdə biz iki - elektron auksion və kreditorların istifadəsi elektron platforma layihələrinə başladıq. Elektron auksion platforması ləğv prosesində olan bankların mövcud olan aktivlərinin və əsas vəsaitlərinin satılması prosesinin ən rahat və inklüziv formasını özündə ehtiva edir. Hazırda rəqəmsallaşma dövründə yaşayırıq, artıq qəzet və digər yazılı nəşrlərdən məlumat almaq aktual deyil. İnsanlar smartfonlardan istifadə edir, xəbərləri müxtəlif informasiya xarakterli videomateriallar, innovativ tətbiqlər vasitəsi ilə izləməyə üstünlük verirlər. Bunu nəzərə alaraq istədik ki, daha aktiv istifadə olunan virtual platformalar vasitəsi ilə vətəndaşlara yaxın olaq. Hər bir vətəndaş şəffaf şəkildə platformaya daxil olaraq təklif “bidding” sistemində tipik hərrac formasında istənilən əmlakı seçə biləcək. Vətəndaşlar əldə etmək istədiyi vəsait ilə tanış olacaq və təklifini yerləşdirəcək. Daha sonra isə şəffaf şəkildə proses standart hərrac formasında həyata keçiriləcəkdir. Təbii ki, narazı qalan tərəflər ola bilər. Ona görə də tərəfimizdən bu innovativ platforma yaradılmışdır. Biz qəzetdə elan verərək qapalı formada hərrac keçirərkən bir çox suallarla üzləşirik. Bu platforma vasitəsilə biz tam şəffaf hərrac keçirilməsinə nail olmaq istəyirik. Elektron auksion sisteminin fəaliyyətinin qane edən və etməyən tərəfləri barədə biz hazırda müfəssəl məlumat verə bilmərik. Ona görə ki, bu sistem qısa müddətdir ki fəaliyyətə başlamışdır. Bu suala biz tam ətraflı şəkildə təxminən gələn ilin ortasında cavab verə biləcəyik.

İkinci böyük layihə kreditorların elektron platformasıdır. Onun da test versiyası yekunlaşmaq üzrədir. Kreditorlar bu sistemə daxil olmaqla tələb edilən vəsaitlərin qalıq məbləği, kompensasiya ödənişinin gedişatı və gələcək tranşların vaxtını izləyə biləcəklər. Biz 2021-ci ildə “Royal Bank” və “Dəmir Bank”ın təminatsız kreditor tələbləri üzrə ödəniş həyata keçirmişik. E-platfroma tətbiq olunduqdan sonra daha rahat şəkildə vətəndaşlarla ünsiyyət qura biləcəyik. Fondun işinin rəqəmsallaşdırılmasında ona görə maraqlıyıq ki, maksimum şəffaflıqla yanaşı proseslərin rahatlığı da təmin olunacaqdır.

Ləğvetmə prosesində olan bankların daşınmaz əmlaklarının reallaşdırılmasından Fond nə qədər vəsait əldə etmiş və həmin vəsaitlər hara yönəldilmişdir?

Hazırda yalnız 2021-ci il ərzində daşınmaz əmlakın satışından əldə olunan göstəriciləri dəqiq səsləndirə bilərəm. 2021-ci ildə 4 mln.manatlıq daşınmaz əmlak satılmışdır. Düşünə bilərsiniz ki, bu vəsait azdır. Lakin, pandemiya ilə əlaqədar olaraq, nəinki Azərbaycanda, həm də başqa ölkələrdə daşınmaz əmlak alqı-satqısı əhəmiyyətli dərəcədə azalmışdır. Biz bu prosesi tədricən sürətləndirməyi hədəfləyirik. “Banklar haqqında” Qanunun 82-ci maddəsinə uyğun olaraq müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlilik qaydasında bölüşdürülür.

Ardıcıllığa uyğun olaraq, ilk növbədə Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələbləri, daha sonra ardıcıl olaraq digər öhdəliklər və son növbədə təminatsız kreditorların tələbləri icra edilir.

Hazırda ölkədə sığortasız əmanətlər mövcuddur? Həmin əmanətlər nə üçün sığortalanmış əmanət kateqoriyasına daxil edilmir?

Sığortalanmış əmanətlərin əhatə dairəsi “Əmanətlərin sığortalanması haqqında” Qanun ilə müəyyən edilir. Lakin, ümumi olaraq onu deyə bilərəm ki, əmanətin faiz dərəcəsindən, məbləğindən, əmanətçinin növündən asılı olaraq iştirakçı banklarda yerləşdirilmiş əmanətlər qorunan və ya qorunmayan ola bilər. Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla Fondun Himayəçilik Şurası müəyyən edir. Hazırda milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12%, xarici valyutada isə 2,5% müəyyən edilmişdir. ƏSF tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir.

     Qorunmayan əmanətlərə yuxarıda qeyd etdiyim göstəricilərə uyğun gəlməyən əmanətlərdən başqa “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2-ci maddəsində  sadalanan kateqoriyalara aid əmanətlər, o cümlədən cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri, terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər, üzərinə həbs qoyulmuş əmanətlər və başqaları aiddir.

Sığortalanmış əmanətlər kateqoriyasına aid edilən əmanətlərin əhatə dairəsi isə ötən ildən daha da genişləndirilmişdir. Biz, qanunvericilik təşəbbüsü ilə çıxış edərək yalnız fiziki şəxslərin əmanətlərinin deyil, həm də fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı  vəsaitlərin sığortalanmış əmanətlərə aid edilməsinə dair təkliflərimizi vermiş və bu yöndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dəstək almışıq.

Bu dəyişiklikdən sonra fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitlərinin 20 min manata qədər olan hissəsi, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitlərinin 100 faizi həcmində olan hissəsi sığortalanır. Xüsusilə bildirmək istərdim ki, ikinci hissədə qeyd etdiyim vəsaitlərin sığortalanması daha az ölkələrdə tətbiq olunur. Azərbaycan bunu tətbiq edən ilk ölkələrdən biridir. Biz təkcə qanuni tərəfdən deyil, eyni zamanda ədalətlilik prizmasından məsələyə yanaşaraq hesab etdik ki, vəsait notariusun depozit hesabında qalmasına baxmayaq fiziki şəxsə məxsusdur və sığortalanmış vəsaitlərə daxil edilməlidir.

Bəzi ekspertlərin fikrincə ƏSF ləğvetmə prosesində sığortaladığı əmanətləri, sığortalamadığı əmanətlərin hesabına qaytarır və ləğvetmə komissiyasının xərclərini də sığortalamadığı əmanətlər hesabına ödəyir. Formal olaraq belə olmasa da, faktiki olaraq mövcud vəziyyət təxminən belədir. Bu da ƏSF tərəfindən sığortalamayan əmanətlər üçün əlavə risk yaradılması kimi qiymətləndirilir. Sizin bu arqumentlərə cavabınız nə olardı?

Bu nə faktiki nə də formal olaraq belə deyil. Biz kreditorlara vəsaiti qanunvericiliyin tələbinə uyğun olaraq, çox sadə mexanizmlə qaytarırıq. Prosesi real rəqəmlərlə ifadə etsəm, 2020-ci ildə Fondun 208 mln. manat həcmində ehtiyat vəsaiti formalaşmışdır. Həmin dövrdə kompensasiya olunacaq vəsaitlər 676 mln. manat təşkil etmişdir. Biz, Fondun balansında ehtiyat şəklində formalaşmış 208 mln. manat vəsaitə əlavə olaraq kredit cəlb edərək kompensasiyaları ödədik. Bu sadaladığım prosesin gedişində siz də şahidi oldunuz ki, kompensasiyaların ödənilməsində heç bir halda sığortalanmayan vəsaitlərdən istifadə olunmamışdır. Ləğvetmə prosesində olan banklarda sığortalanmamış kreditor tələblərinin ödənilməsi bankın aktivləri, əsas vəsaitlərinin satılması və kreditlərin yığımı hesabına həyata keçirilir.

İndiyə qədər bağlanan banklardakı sığortalanmamış əmanətlərin məbləği nə qədərdir?

Fiziki şəxslərin qorunmayan əmanətləri 2021-ci ilin sonuna 1.7 milyard manat təşkil edir.

Hazırda mövcud banklarda sığortalanmış əmanətlərin məbləği nə qədərdir?

Banklarda kompensasiya olunan öhdəliyin məbləği 4.8 milyard manat təşkil edir.

Əmanətlərin Sığortalanması Fondu perspektivdə sığortalanmamış əmanətlər üzrə kompensasiyaları inflyasiyanı nəzərə alınaraq ödəyə bilər?

Bu təbii ki, prosesə optimistik yanaşmadır. Biz də istərdik sığortalanmamış əmanətlərin qaytarılması mexanizmində inflyasiya nəzərə alınsın və vətəndaşa daha az ziyan dəysin. Kompensasiyaların ödənilməsi zamanı sözügedən forma dünyanın heç bir ölkəsində tətbiq edilmir. Bizim ölkədə bu mexanizmin tətbiqi gözlənilmir.

ƏSF əmanətləri sığortalayan orqan kimi ümumi olaraq banklardan üzvlük haqqı alır. Belə nəticə çıxır ki, ƏSF əmanətləri sığortalayarkən bankların risk dərəcələrini nəzərə almır. Yəni risk səviyyəsi yüksək olan bankdakı əmanətlər və cüzi riskləri olan banklardakı əmanətlər fərqləndirilmir. Gələcəkdə ƏSF-nin risk səviyyəsinə görə əmanətlərdən sığorta haqqı alması planlaşdırılır?

Bəli, müsahibənin də əvvəlində qeyd etdiyim kimi, hazırda Əmanətlərin Sığortalanması Fondu tərəfindən risk-əsaslı yığım sisteminin tətbiq olunması ilə bağlı həm daxildə aidiyyəti dövlət qurumları ilə yazışmalar aparılır, görüşlər keçirilir, həm də xarici təcrübənin öyrənilməsi istiqamətində işlər görülür. Bu istiqamətdə xüsusilə Mərkəzi Bank ilə qarşılıqlı olaraq sıx əməkdaşlıq edirik. Bundan əlavə tərəfimizdən xarici tərəfdaşlarla da risk-əsaslı sığorta sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılır. Bu tip sığortalanma sisteminin tətbiq olunduğu xarici ölkələrdən təlimlərin və digər formalarda yardımların alınmasına başlanılmışdır. Ümid edirəm yaxın gələcəkdə biz risk-əsaslı yığım modelinə keçəcəyik. Bu model tətbiq olunduqda, bizim hazırda tətbiq etdiyimiz sabit faiz dərəcəli yığım formatı dəyişəcək və bankların risk reytinqinə uyğun olaraq fərqli qaydada yığım tarifləri müəyyən olunacaqdır.

Əmanətlərin Sığortalanması Fondunun perspektivdə istiqraz emissiya etməsi mümkündür?

Əmanətlərin Sığortalanması Fondu hazırda istiqraz emissiya etməyi planlaşdırmır. Bu istiqamətdə onu qeyd etmək istərdim ki, müəyyən investisiya layihələrimiz və planlarımız mövcuddur. İnvestisiya planımız artıq təsdiq olunmuşdur.

Fondun təsdiq olunmuş investisiya planına nə daxil edilmişdir?

Fond özünün ehtiyatlarının bir hissəsini qanunvericiliyin şərtlərinə uyğun olaraq investisiyaya yönəltməyə planlaşdırır. Belə ki, ƏSF formalaşmış vəsaitlərini az riskli və yüksək gəlirli alətlərə yerləşdirməyi düşünür. Fondun investisiya planına daşınmaz əmlaka vəsait yatırılması daxil edilməmişdir. Daha çox dövlət qiymətli kağızları da daxil olmaqla, xarici və yerli qiymətli kağızlara, qanunvericiliyin tələbinə uyğun alətlərə investisiya edilməsi nəzərdə tutulmuşdur.

Müəllif: Aynur Qəniyeva