Bu ilin sonunadək Azərbaycana idxal olunan yeni ekoloji təmiz avtomobillərin kredit şərtləri sadələşdirilə bilər.
Bunu avtomobil bazarının eksperti Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, hazırda qeyd olunan məsələ banklar tərəfindən müzakirə olunur və yaxın iki ay ərzində bununla bağlı ciddi irəliləyiş əldə oluna bilər.
“Ehtimal olunur ki, ekoloji təmiz avtomobil almaq istəyən vətəndaş avtomobilin məbləğinin 20%-ni ödəməklə belə maşına sahib ola biləcək. Qalan məbləğ isə hazırda illik 15% civarında verilir. Biz təklif edirik ki, bu faizlər də azaldılsın və vətəndaş 5 il müddətinə maşın alanda aylıq ödədiyi məbləğ risk yaratmasın. Yəni orta əmək haqqından yüksək maaş alan istehlakçı bu krediti hər ay ödəyə bilsin”, - deyə Eldəniz Cəfərov qeyd edib.
Ekspert onu da əlavə edib ki, hazırda dövlətin qarşıya qoyduğu “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı çərçivəsində ölkədə ekosistemin yaxşılaşdırılması məqsədilə ətraf mühitin təmizlənməsi, havaya buraxılan zərərli CO2 qazının miqdarını azaltmaq istiqamətində işlər görülür. Atmosferə zərərli qazlar buraxmayan və ya az miqdarda təsirli olan nəqliyyat vasitələrinin istismarı stimullaşdırılır.
“Stimullaşdırıcı addımlardan biri ölkəyə idxal olan ekoloji təmiz avtomobillərin gömrük və vergidə ƏDV-dən azad olunmasıdır. Hazırda bu azadolma həyata keçirilib və Azərbaycana idxal olunan hibrid və elektromobillərin sayında artım, qiymətində azalma müşahidə olunur ki, bu da onları sahibkarlar üçün sərfəli, vətəndaşlar üçün isə qismən əlçatan edir”, - deyə Eldəniz Cəfərov qeyd edib.
Rəsmi statistikaya uyğun olaraq, təkcə bu ilin yanvar-aprel aylarında ölkəyə 4156 hibrid avtomobil və 92 vahid elektromobil idxal olunub ki, bu da illik ifadədə 48% və 3,8 dəfə çoxdur.
(c)APA