Beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Əmanətlərin Sığortalanması Fondu (ƏSF) aparıcı ölkələrin ən qabaqcıl təcrübələrini öyrənmək üçün beynəlxalq qurumlarla əlaqələrin daha da genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə çoxillik və peşəkar fəaliyyət strategiyası ilə yanaşı əmanətlərin sığortalanması sektorunda 55-illik təcrübəyə malik olan Kanadanın Əmanətlərin Sığortalanması Korporasiyası (CDIC) ilə əməkdaşlığın bünövrəsini qoyub.
Fonddan “Fins.az”a verilən məlumata görə, aprelin 28-də baş tutan ilk onlayn görüşdə CDIC-nın aparıcı mütəxəssisləri tərəfindən ƏSF-nın əməkdaşlarına risk-əsaslı sığortalanma mexanizmi üzrə təqdimat nümayiş olunub, risk-əsaslı yığım modeli üzrə müxtəlif tövsiyələr verilib, sözügedən mexanizmin CDIC tərəfindən istifadəsi barədə məlumat təqdim olunub.
Əmanətlərin Sığortalanması Fondu ilə Kanadanın Əmanətlərin Sığortalanması Korporasiyasının təcrübi və nəzəri məlumat mübadiləsi, bir sözlə desək qarşılıqlı əməkdaşlığının nəticəsi ölkədə əmanətlərin sığortalanması sisteminin dinamik inkişafında öz müsbət bəhrəsini göstərəcəyi ilə yanaşı, sınaqdan keçmiş ən müasir beynəlxalq təcrübələrin Azərbaycanda tətbiqi üçün imkanlar yaradacaq.
Xatırladaq ki, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində ƏSF 9 may tarixində Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonu (TMSF) ilə İstanbul şəhərində Anlaşma Memorandumu imzalayıb. Memorandum çərçivəsində əsas əməkdaşlıq istiqamətləri və hədəflərindən biri olan Fondun insan resurslarının təcrübi və nəzəri biliklərinin artırılmasına dəstəyin göstərilməsini təmin etmək məqsədilə ƏSF-nın Maliyyə, Arxiv, Risk, habelə Beynəlxalq və ictimaiyyətlə əlaqələr üzrə çalışan əməkdaşları üçün TMSF-nın təcrübəli kadrları və təlimçiləri tərəfindən Türkiyənin İstanbul şəhərində 9-12 may tarixlərdə təlimlər təşkil edilib.