Texnoloji yeniliklərin bazara təsiri nəticəsində telefon qiymətlərinin xüsusi çəkidə artması bu sahəyə müsbət meyllərlə yanaşı mənfi meyllərin də artması ilə nəticələnib. Bu isə bu sahədə mövcud hüquqi boşluqları üzə çıxararaq, vətəndaşların, hüquqi şəxslərin qanunla qorunan mənafelərinin müdafiəsi məqsədi ilə yeni hüquqi tənzimləmənin aparılmasını yaxud yeni mexanizmlərin yaradılmasını zəruri edib. Belə ki, bir çox hallarda bəzi şəxslər müxtəlif üsullarla, məsələn kredit kartları, nisyə alqı-satqı yolu ilə bazarda xüsusilə yüksək qiyməti ilə seçilən brend telefonları əldə edir və sonradan bu telefonları hər hansı maneə olmadan özgəninkiləşdirib satırlar ki, bu da həm satıcı telefon şirkətlərinin, həm də sonradan telefonu əldə etmiş alıcıların hüquqlarının pozulması, onlara müxtəlif məbləğlərdə maddi zərər vurulması ilə nəticələnir.
Məsələyə hüquqi aspektdən münasibət bildirən hüquqşünas Dədəkişi Vəlizadənin sözlərinə görə hazırda telefonların hissə-hissə alqı-satqı iki formada aparılır. Birincisi, hər hansı məişət əşyasının, o cümlədən telefonun qiyməti müxtəlif kredit kartları vasitəsi ilə ödənilir. Bu halda bank tərəfindən həmin telefonun qiyməti ödənildiyindən, alıcının borcu telefon şirkətinə deyil, məhz banka yaranmış olur. Bu halda alıcı isə əşyaya mülkiyyət hüququnu əldə etmiş hesab olunur. Gələcəkdə borclu tərəfindən borc ödənilmədiyi halda bank ayırmış olduğu krediti standart kredit kimi qarşı tərəfdən məhkəmə, o cümlədən digər üsullarla tələb etməli olur. Digər formada isə telefon satış şirkətləri ilə alıcı arasında qeyri-şərtli nisyə alqı-satqı müqaviləsi bağlanılır ki, bu halda satış şirkəti mülkiyyət hüququnu özündə saxlayır. Borc ödənilmədiyi halda telefondan istifadəni IMEI kod vasitəsi ilə məhdudlaşdıra bilir.
Taksit kartın sahibi üçün cinayət və inzibati məsuliyyət yaranır.
Hüquqşünas fikirlərinin davamında qeyd edir ki, birinci halda şəxs əmlak üzərində tam hüquqlu mülkiyyətçi hesab olunduğundan onun həmin əmlakı özgəninkiləsdirərək satmaq hüququ mövcud olur və bu hüquq məhdudlaşdırılmır. Digər halda isə şəxs mülkiyyətçi hesab olunmur və onun əmlakı özgəninkiləşdirməsi bir sıra hallarda şəxsin mülki, inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnə bilir.
Dələduzluq kimi qiymətləndirilərək barəsində cinayət və inzibati məsuliyyət yarana bilər.
Dədəkişi Vəlizadənin sözlərinə görə, şəxsin həmin əşyanı özgəninkiləşdirməsi-satması onun satıcı qarşında mülki məsuliyyət daşımasına səbəb olur. Digər tərəfdən isə əmlakı özgəninkiləşdirmək (satmaq) istəyən şəxs əşyanın mülkiyyətçi kimi özünü təqdim edir və qarşı tərəfi aldatmaqla əmlakı ona satır. Belə olan halda şəxs əşyanın qiymətinə müvafiq olaraq inzibati və ya cinayət tərkibli əməli törətmiş olur.
Bank tərəfindən kart sahibinə məhdudiyyətlər tətbiq edilə bilər.
Təəssüf ki, son zamanlar cəmiyyətdə asan yolla pul qazanmaq yaxud təcili pul lazım olduğu üçün istifadə edilən kartla telefon alıb başqa şəxsə dəyərindən ucuz qiymətə satılması halları geniş yayılıb. Bu halların təkrarlanması və ayrı-ayrı şəxslərin belə vəziyyətdən ziyan çəkməsinə baxmayaraq əsasən regionlarda bu tip fırıldaqçılar tərəfindən aldadılan şəxslərin sayı artır. Bu tip aldadılma hallarını həyata keçirən şəxslər dolayısı ilə cinayət törətməklə yanaşı vətəndaş məsuliyyətsizliyi nümunəsi göstərmiş olur. Məsələyə münasibət bildirən iqtisadçı Elşad Məmmədovun bildirib ki, belə hallar kart sahibi üçün yaxşı heç nə vəd etmir. Prosesin sonunda problemlər yarandıqda bankın müraciət etdiyi subyekt yenə də həmin o kart sahibinin özü olacaq. Gələcəkdə həmin şəxslə bank arasında münasibətlər davam etdiyi zaman müvafiq bank tərəfindən həmin kart sahibinə məhdudiyyətlər tətbiq edilə bilər.
Kart sahibinin kredit resurslarına çıxış imkanları məhdudlaşdırıla bilər.
Elşad Məmmədovun sözlərinə görə hazırda rəqəmsallaşma imkan verib ki, kredit yaxud bütövlükdə bankla münasibət tarixçəsi ilə bağlı tam şəkildə məlumatlar toplansın və hətta digər banklar belə həmin o kart sahibi hər hansı əməliyyatlar apararkən hüquqi məsuliyyətinin olmamasına baxmayaraq məhdudiyyətlər tətbiq etsin. Beləliklə həmin kart sahibinin kredit resurslarına çıxış imkanları məhdudlaşdırıla bilər.
Həmin şəxslər üçün kredit kartlarının üstünlüklərindən istifadə çətinləşə bilər.
Elşad Məmmədovun sözlərinə görə, bununla yanaşı son nəticədə yenə də biz onu da qeyd etməliyik ki, kart sistemi kart sahibləri üçün böyük imkanlar yaradır. Bu tək kreditlə bağlı deyil həmin şəxslər üçün kredit kartlarının təqdim etdiyi bir sıra üstünlüklərdən istifadə çətinləşə bilər. Bununla yanaşı kredit kartı ilə alınan telefon yaxud məişət əşyasının kredit ödənişlərinin gecikdirilməsi kartların üstünlüklərindən istifadəyə maneə ola bilər. Belə hallarda kart sahibi ilkin mərhələdə hər hansı iqtisadi dividendlər əldə etsə də, son nəticədə iqtisadi münasibətlərdə əsas olan dayanıqlılıq və ehtibarlılıq təmin olunmadığı üçün bu dividendlər qısamüddətli olur. Təbii ki, bu prosesdə əldə edilən iqtisadi dvidentlər müvəqqəti iqtisadi dividendlərdir. Rəqəmsallaşmanı nəzərə aldıqda çox rahat şəkildə şəxsin bankla əməkdaşlıq tarixçəsinə həmin kart sahibinin əldə edilmiş kartdan hansı formada istifadə etməsi qeyd olunacaq. Bu da həmin şəxs üçün iqtisadi cəhətdən daha uzunmüddətli perspektivdə problemlərin olacağını şərtləndirəcək.
İnzibati xətalar məcəlləsinə qadağa və yaxud alqı–satqının notarial təsdiqi ilə bağlı norma əlavə edilsin.
Hüquqşünas Dədəkişi Vəlizadənin sözlərinə görə mövcud qanunvericiliyə əsasən yalnız daşınar əmlaklardan nəqliyyat vasitələrinə münasibətdə mülkiyyətçilərə aid məlumatların rəsmi reyestrdə qeydə alınması tələb olunduğundan alıcı bir çox hallarda ona satılan telefonun yüklü olub-olmadığını yoxlamaq imkanına malik olmur. Odur ki, bu sahədə vətəndaş, o cümlədən sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsi, həmçinin dələduzluq hallarının qarşısının alınması məqsədi ilə bəzi hüquqi tənzimləmə aparmaq, o cümlədən vətəndaşların ödənişsiz və yaxud xırda ödənişlərlə telefonların yüklü olub-olmadığını yoxlamaq üçün imkanlar yaratmaq zəruridir. Məsələ orasındadır ki, hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bu tip reyestri mövcuddur. Sadəcə olaraq həmin reyestrə nisyə alqı-satqı müqaviləsi bağlamaqla bu sahədə fəaliyyət göstərən subyektlər tərəfindən məlumatların yerləşdirilməsi və bu məlumatların hər bir vətəndaş üçün əlçatan və açıq olması kifayət edir. Hüquqi tənzimləməyə gəldikdə isə məlumatların yerləşdirilməsi həmin sahibkarlıq subyektləri üçün qanunvericiliyə məcburi davranış qaydası kimi daxil edilməsi yetərli olar.
Müəllif: Aynur Qəniyeva