"Rusiyada kriptovalyutalar ödəniş sistemi kimi leqallaşdırıla bilər".
“Fins.az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın sənaye və ticarət naziri Denis Manturov Moskvada keçirilən tədbirdə çıxışında Rusiyada kriptovalyutaların istifadəsi ilə bağlı qiymətləndirmələr edərkən deyib.
O, tədbirdə kriptovalyutaların ödəniş sistemi kimi leqallaşdırılıb-leqallaşdırılmayacağı ilə bağlı suala, "Düşünürəm ki, bu olacaq. Burada əsl sual bunun necə və nə vaxt olacağı, necə tənzimlənəcəyidir", -cavabını verib.
Rusiya hökuməti və Rusiya Mərkəzi Bankının bu mövzuda çox çalışdığını deyən Denis Manturov "Hər kəs zamanın bunu tələb etdiyini və gec-tez baş verəcəyini anlayır", - deyə bildirib.
O, kriptovalyutalardan ödəniş sistemi kimi istifadə prosesinin tamamilə Rusiya Mərkəzi Bankının müəyyən edəcəyi qaydalara uyğun olaraq həyata keçirilməli olduğunu vurğulayıb.