BANK

11 May

Avropa Mərkəzi Bankının rəhbərindən iyunda faiz artımı siqnalı

Avropa Mərkəzi Bankının prezidenti Laqard bildirib ki, ilk faiz artımı aktivlərin alınması proqramı başa çatdıqdan sonra “bir neçə həftə ərzində” baş verə bilər.

"Fins.az" xəbər verir ki, Laqard yayda faiz artımına başlamaq barədə fikirlərini bildirən digər Mərkəzi Bank rəsmilərinə qoşulur.

Sloveniya Mərkəzi Bankının təşkil etdiyi tədbirdə çıxış edən ECB sədri Kristin Laqard faiz artımlarının mərhələli olacağını bildirib.

Laqard avronu müdafiə etmək üçün görünməmiş risklərlə üzləşdiklərini qeyd edib.

İnflyasiya ilə bağlı xəbərdarlıq edən Laqard, "İqtisadiyyatın sürətli dirçəlişindən sonra yüksək inflyasiya dövrü geri döndü. İnflyasiya bir müddət yüksək olaraq qalır. Rusiya-Ukrayna müharibəsi inflyasiyadakı riskləri artırdı və artım proqnozunu pisləşdirdi" deyə bildirib.

Avrozona inflyasiyası bankın 2 faizlik hədəfindən təxminən dörd dəfə yüksək olduğu üçün ECB rəsmilərinin iyul ayında faiz artımına başlamağa dair fikirləri də güclənir.

Bu gün çıxış edən ECB İdarə Heyətinin üzvü Frank Elderson, Ukraynadakı müharibənin tənəzzül riskini gündəmə gətirsə də, iyul ayından etibarən faiz artımlarına başlana biləcəyini bildirib. AMB-nin digər üzvü Fransua Villeroy da faiz dərəcələrində mərhələli artımın yaydan başlaya biləcəyini bildirib.