Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında əməkdaşlıq Memorandumu imzalanıb.
“PAŞA Bank”ın baş ofisində aprel ayının 27-si imzalanan Memorandum hüquqi yardım sahəsində birgə layihələrin, bank hüququ mövzusuna dair birgə seminar, təlim, konfrans, akademik tədbirlərin təşkili və həyata keçirilməsini, eyni zamanda, bank sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında qarşılıqlı əməkdaşlığın qurulmasını nəzərdə tutur.
Memorandumu “PAŞA Bank”ın Komplayns və İdarəetmə blokunun baş direktoru Anar Kərimov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov imzalayıb.
“Ölkəmizdə fəaliyyət göstərən banklar arasından ilk dəfə “PAŞA Bank”ın Vəkillər Kollegiyası ilə əməkdaşlığa dair Memorandum bağlaması çox müsbət haldır və Bankın korporativ sosial məsuliyyəti aspektindən xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Memorandum çərçivəsində gələcəkdə tərəflər arasında birgə hüquqi layihələrin və maarifləndirmə tədbirlərinin keçirilməsi vətəndaşların hüquqi maarifləndirilməsi baxımından çox effektiv və əhəmiyyətli bir addım olacaqdır”, - deyə Anar Kərimov vurğulayıb.
İmzalama mərasimindən sonra tərəflər arasında əməkdaşlığın detalları müzakirə edilib.