BANK

28 Aprel

Azərbaycan Mərkəzi Bankı manatla bağlı hansı qərarı verəcək? -EKSPERTDƏN AÇIQLAMA

 Manatın uçot faiz dəcəsi  0,25% artırılacağını proqnozlaşdırmaq olar. 

Bunu Azərbaycan Mərkəzi Bankının 2022-ci ildə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə əsasən 29 Aprel 2022-ci il tarixində verəcəyi faiz qərarı ilə bağlı proqnozunu "Fins.az"-a açıqlayan iqtisadçı Xalid Kərimli deyib. 

O bildirib ki, hazırda Mərkəzi Bankın və hökümətin qarşısında duran əsas məsələ inflyasiyanı nəzarət altına almaq və manata qarşı psixoloji təzyiqləri neytrallaşdırmaqdır.İnflayasiyanı sürətləndirən amillər hələ də güclü olaraq qalır. Azərbaycan hökümətinin və Mərkəzi Bankının  2022-ci il üçün nəzərdə tutulan prioritetlərində və siyasətində heç bir dəyişiklik yoxdur. Mövcud inflayasiyanı sürətləndirən amillərin pul kütləsi ilə deyil, daha çox idxalla bağlı olmasını nəzərə alaraq Mərkəzi Bank  pul siyasətini sərtləşdirilməsi kursunu davam etdirəcək. Manatın uçot faiz dəcəsi  0,25% artırılacağını proqnozlaşdırmaq olar. ABŞ Mərkəzi Bankının da faiz dərəcəsini artıracağını və manatın ABŞ  dollarına fiks edilmiş valyuta olduğunu nəzərə alsaq Azərbaycan Mərkəzi Bankının manatın faiz dərəcəsini artırması daha real görünür.

Rusiyada tam fərqli proseslər gedir.

Xalid Kərimli regoin ölkələrinin milli valyutalarının hazırkı durumu barədə də açıqlama verərək "Rusiya Mərkəzi bankı tərəfindən rus rubulunun faiz dərəcəsinin aşağı salınması gündəmdədir. Rusiyada tam fərqli proseslər gedir. Rusiya Mərkəzi Bankı faiz dərəcəsini kəskin artırdığı üçün indiki mərhəldə rubulun bahalaşmasının qarışısını almaq və faiz dərəcəsini endirməkdə daha çox maraqlıdır,"-deyə qeyd edib. 

Mərkəzi Bank və Mərkəzi Bank rəsmiləri cəmiyyət və eksperlərlə sıx kommunikasiyada deyil

Ekspert Azərbaycan Mərkəzi Bakının qərarları barədə o cümlədən ölkədə milli valyuta və bank sistemi ilə bağlı qərarlar barədə proqnoz verməyi çətinləşdirən amillərə də toxunaraq "Azərbaycanda Mərkəzi Bankın sədrinin yeni olması yəni əvvəllər korparativ banka rəhbərlik edən sədrin yeni situasiyada verəcəyi qərarı proqnozlaşdırmağı bir qədər çətinləşdirir. Ümumi yanaşmada inflayasiya ilə mübarizə tədbirləri çərçivəsində faiz dərəcələrinin qaldırılması davam edəcək. Burada əsas hədəf  pulun qiymətini bahalaşdırmaq, pul kütləsini tənzimləməklə inflyasiyanın sürətlənməsini əngəlləməkdir. Beynəlxalq təcrübədə əsasən Mərkəzi Bank sədrləri o cümlədən Mərkəzi Bankın idarə heyətində təmsil olunan rəsmilər əvvəlcədən veriləcək qərarla bağlı bəyanatlar yaxud açıqlamalar verərək cəmiyyətdə müəyyən qədər fikir formalaşdırır. Azərbaycanda isə çox təəssüf ki, Mərkəzi Bank və Mərkəzi Bank rəsmiləri cəmiyyət və eksperlərlə sıx kommunikasiyada deyil. Bütün bunlar da Mərkəzi Bankın qərarının müzakirələr nəticəsində verilməsini şübhə altına alır,"-deyə fikirlərini yekunlaşdırıb. 

Uçot faiz dəcəsi nədir?

Nəzəriyyəyə görə, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.

​Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

Müəllif: Aynur Qəniyeva