BANK

26 Aprel

AccessBank rəhbəri: Görülən işlərin nəticələri bizdə düzgün yolda olmamızla bağlı əminlik yaradır

2022-ci ilin ilk üç ayı AccessBank - ın daha da güclənməsi üçün uğurlu bir rüb oldu

"Fins.az"xəbər verir ki, bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bankın 2022-ci ilin 1-ci rübünə dair maliyyə hesabatını dəyərləndirərək deyib.

O bildirib ki, 2022-ci ilin ilk üç ayı AccessBank - ın daha da güclənməsi üçün uğurlu bir rüb oldu. Belə ki, biz post-pandemiya reallığına uğurla uyğunlaşaraq, komandamızla birlikdə ötən ilin ayrı ayrılıqda olan rüblərinin hər birindən daha çox qazanc əldə etdik. Nəticədə, cari ilin birinci rübündə əməliyyat gəlirlərimiz həm faiz, həm də qeyri-faiz gəlirlərinin artması hesabına əvvəlki rüblə müqayisədə 85% artaraq 2,23 milyon manat təşkil edib.

AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri birinci rübdə bankın maliyyə nəticələrini şərh edərkən "AccessBank olaraq mikrokredit bazarında lider mövqeyimizi qoruyub saxlamaqla yanaşı, eyni zamanda digər seqmentlərə aid olan müştərilər üçün məhsul və xidmətlərimizi inkişaf etdirməyə davam edirik. Bu ilin mart ayında yeni ödəniş infrastrukturuna keçidi uğurla başa çatdırdıq. Qeyd olunan fəaliyyətimiz bizə yaxın gələcəkdə pərakəndə müştərilər üçün xidmətlər çeşidini genişləndirməyə imkan verəcək,"-deyə əlavə edib. 

Bank rəhbəri həmçinin qlobal gərginliyin maliyyə sektoruna təsirlərinə də toxunaraq "Qlobal gərginliyin yaratdığı təlatümün öhdəsindən gələrək beynəlxalq tərəfdaşlarımızla münasibətlərimizi daha da genişləndiririk. AccessBank həmçinin müddətli əmanət sahibləri arasında ən etibarlı banklardan biri olmaqda qalır. Hazırda depozit portfelimiz 511 milyon manat təşkil edir ki, bu da əvvəlki rüblə müqayisədə 11%, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 33% çoxdur,"-deyə fikirlərini davam etdirib.

Davit Tsiklauri bankın həyata keçirdiyi inkişaf siyasətinin nəticələrə təsirini də şərh edirək "Cari ilin ilk rübündə görülən işlərin nəticələri bizə düzgün yolda olmamızla bağlı əminlik yaradır. Həmçinin ilin sonuna kimi müəyyən edilmiş strategiyanı həyata keçirərək fəaliyyət göstərdiyimiz bütün seqmentlərdə yüksək nəticələr əldə edəcəyimiz barədə heç bir şübhə yoxdur. Əlbəttə ki, komandamıza göstərdikləri zəhmətə, fədakarlığa və uğurumuza verdiyi böyük töhfəyə görə təşəkkür etmək istərdim,"-deyə fikirlərini yekunlaşdırıb.